Ermənistanda çeçen qadının qətli ilə bağlı cinayət işi başlandı
Dünya
312
24 Oct 2025 | 21:20

Ermənistanda çeçen qadının qətli ilə bağlı cinayət işi başlandı

Çeçenistandan Ermənistana qaçan 23 yaşlı Ayşat Baymuradovanın qətli ilə bağlı cinayət işi başlanıb.

Moderator.az xəbər verir ki, bu barədə İstintaq Komitəsindən "NEWS.am"a bildirilib.

“İlkin istintaq zamanı barmaq izi, məhkəmə-kimya, məhkəmə-tibb və genetik ekspertiza təyin edilib, rəylər hələ də alınmayıb”, - Komitədən bildirilib.

Xatırladaq ki, oktyabrın 19-da İrəvanda oktyabrın 17-dən itkin düşən 23 yaşlı Ayşət Baymuradovanın meyiti tapılıb.

Məlumata görə, Ayşət qohumlarının təzyiqlərindən qaçmaq üçün Ermənistana köçüb. İrəvanda evlərdə xadimə kimi işləyib. Hüquq müdafiəçilərinin fikrincə, Şimali Qafqaz respublikalarından bir çox qadın eyni səbəbdən başqa ölkələrə üz tutub.

Baymuradova İnstaqramda həm rus, həm də çeçen dilində təhdidlər alıb. Təhdid mesajlarında ona əvvəllər öldürülmüş qadınların taleyini xatırladılıb və Çeçenistanda “ənənələri pozmaqda” ittiham edilib.

Ermənistan KİV-in məlumatına görə, Baymuradovanın yoxa çıxması barədə ilk dəfə oktyabrın 17-də Ermənistanda yaşayan rusiyalı fəal Danil Çebikin məlumat verib. Baymuradovanın eyni mənzildə yaşayan dostları ona deyiblər ki, qız oktyabrın 15-də İnstaqramda tanış olduğu dostu ilə görüşə gedib və bir daha geri qayıtmayıb. “Sonradan məlum oldu ki, bu dostun izləyiciləri arasında Çeçenistan lideri Ramzan Kadırovun yaxın çevrəsindən olan adamlar da var”, - Çebikin sosial mediada yazıb.

Rusiyalı fəal söyləyib ki, Ayşət Baymuradova Şimali Qafqazda qadınların hüquqlarını müdafiə edən təşkilatın köməyi ilə Çeçenistandan qaçıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər