Dünya
378
24 Oct 2025 | 19:40

"Putinin xüsusi nümayəndəsi gözlənilmədən ABŞ-a gəlib" - CNN

"Kreml sanksiyalara baxmayaraq Tramp administrasiyası ilə əlaqəni bərpa etməyə cəhd edir..."

Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyev gözlənilmədən ABŞ-a rəsmi səfər edib. 

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, o, Donald Tramp administrasiyasının nümayəndələri ilə Vaşinqtonda danışıqlar aparmaq niyyətindədir. Bu hadisə Trampın Rusiya iqtisadiyyatına qarşı sərt sanksiyaları elan etməsindən cəmi bir neçə gün sonra baş verir.

Vaşinqtonda gizli diplomatiya

Mənbələrin bildirdiyinə görə, Dmitriyev ABŞ-Rusiya münasibətlərinin gələcək mərhələlərini müzakirə etməyə hazırlaşır. O, iki ölkə arasında iqtisadi yaxınlaşmanın tərəfdarı kimi tanınır və vaxtilə "Alyaska ilə Rusiyanın Uzaq Şərqi arasında Tramp-Putin tuneli" adlanan simvolik layihə təklif edib.

"Axios" nəşri yazır ki, Dmitriyev hazırda ABŞ-da səfərdədir və oktyabrın 25-də, şənbə günü Mayamidə Ağ Ev nümayəndəsi Stiv Vitkoffla görüşəcəyi gözlənilir.

Bu səfər həm də Trampın Vladimir Putinlə planlaşdırılmış sammiti "ləğv etməsi" və Rusiyaya qarşı yeni sanksiyalar elan etməsi fonunda baş verir.

Harvarddan Kremlə uzanan yol

Kirill Dmitriyev Ukraynada doğulub, Harvard və Stenford universitetlərində təhsil alıb, "McKinsey" və "Goldman Sachs" kimi nəhəng şirkətlərdə çalışıb. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ Maliyyə Nazirliyi onu "Putinə yaxın şəxs" kimi sanksiya siyahısına daxil edib.

Buna baxmayaraq, o, bu ilin aprel ayında müharibə başlayandan bəri ABŞ-a giriş icazəsi verilən ilk rusiyalı məmur kimi artıq bir dəfə Vaşinqtonda olub.

Həmin vaxt CNN xəbər verib ki, ABŞ hökuməti müvəqqəti olaraq sanksiyaları dayandıraraq Dmitriyevə viza verib.

Trampın sanksiya zərbəsi və qlobal reaksiyalar

Oktyabrın 23-nə keçən gecə ABŞ Maliyyə Nazirliyi "Rosneft" və "Lukoyl" şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər həmçinin "Rosneft"in 28, "Lukoyl"un isə 6 törəmə şirkətini əhatə edir.

Bunun ardınca Hindistan neft emalı zavodları Rusiya neftindən imtinanı sürətləndirmək niyyətlərini açıqlayıb. Rusiya neftinin əsas alıcılarından biri olan Çin də alışları dayandırdığını bəyan edib.

Moskva isə israrla bildirir ki, ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar, xüsusilə enerji sektoruna yönələn məhdudiyyətlər "gözlənilən effekti vermir".

Beləliklə, Dmitriyevin qəfil ABŞ səfəri Kreml üçün iqtisadi təcriddən çıxış yolu axtarışı, Tramp administrasiyası üçün isə Rusiya ilə münasibətləri yeni formatda dəyərləndirmək cəhdi kimi görünür.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər