ABŞ və Çin təcili olaraq öz hərbçiləri arasında adekvat kommunikasiya kanalları qurmasalar, tezliklə birbaşa döyüşə cəlb oluna bilərlər.
Moderator.az-ın xəbərinə görə, ABŞ milli və qlobal təhlükəsizlik üzrə müdafiə nazirinin köməkçisi olmuş (2014-2015) Erik Rozenbak və Harvardın Con Kennedi adına İdarəetmə Məktəbinin Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzinin elmi əməkdaşı Kris Li "The New York Times" (NYT) qəzetində bu barədə fikirlərini bildiriblər.
NYT ekspertləri ABŞ və onların müttəfiqləri ilə Çin arasında Tayvan adası ərazisində həm havada, həm də dənizdə baş verən son hadisələrin təhlilinə əsasən bu qənaətə gəliblər. Xüsusilə, onlar hər iki ölkədən döyüş təyyarələrinin təhlükəli məsafədə yaxınlaşmaları və qarşılarının alınması hallarına işarə ediblər ki, bunların sayı kəskin şəkildə artıb və sonsuz kimi görünür.
"Belə insidentlərdən birinin real münaqişəyə çevrilmə riski əvvəlkindən heç vaxt olmadığı qədər yüksəkdir. ABŞ-Sovet qarşıdurması dövründən fərqli olaraq, ABŞ və Çin hərbçiləri arasında gözlənilməz böhranın qarşısını ala biləcək etibarlı, real vaxt rejimində rabitə sistemi demək olar ki, yoxdur", - deyə materialda qeyd edilib.
Müəlliflər xatırladıblar ki, 2001-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat təyyarəsi ilə Çin qırıcı təyyarəsi toqquşub. O zaman çinli pilot həlak olub, ABŞ ekipajı isə Haynan adasına məcburi eniş etdikdən sonra əsir götürülüb. İki ölkə arasındakı böhranı ancaq 10 gün sonra həll etmək mümkün olub.
"Oxşar bir hadisənin bu gün yenidən təkrarlana biləcəyinə dair heç bir əminlik yoxdur. Çin 2001-ci ildəkindən daha iddialı və hərbi cəhətdən daha güclüdür, ABŞ ilə gərginlik isə daha çox partlayış təhlükəsi daşıyır və hər iki tərəfin millətçi təzyiqləri ilə daha da şiddətlənir", - deyə ekspertlər hesab edirlər.
"Çin və ABŞ arasında orta səviyyədə hərbi təmas qeyd olunur, lakin bu, ABŞ-nin keçmiş Sovet İttifaqı ilə arasında olduğu kimi güclü təhlükəsizlik sistemlərinin yaradılmasına gətirib çıxarmayıb", - deyə Rozenbak və Li iddia edirlər.
Bu baxımdan onlar vurğulayırlar ki, ABŞ Prezidenti Donald Tramp 30 oktyabrda Cənubi Koreyada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü zamanı ticarətdən daha çox bu məsələyə diqqət yetirməlidir.
"Çinlə dayanıqlı böhran idarəetmə sistemləri üçün təməllərin yaradılması üzərində işləməklə Tramp iki gücü III Dünya müharibəsinin astanasından geri çəkən prezident kimi tarixə düşə bilər", - deyə məqalənin müəllifləri hesab edirlər.