Gürcüstanın sabiq baş naziri ilə bağlı qərar
Dünya
361
17:47, Bu gün

Gürcüstanın sabiq baş naziri ilə bağlı qərar

Tbilisi Şəhər Məhkəməsi külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan keçmiş baş nazir İrakli Qaribaşvili üçün qətimkan tədbiri kimi bir milyon lari (təxminən 630 min manat) girov təyin edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Interpressnews" agentliyi məlumat verib.

Məhkəmə Baş Prokurorluğun bir milyon lari girov tələb edən və Qaribaşvilinin həbsində israr etməyən vəsatətini təmin edib. Həmçinin məhkəmənin qərarı ilə Qaribaşvilinin xarici pasportu müsadirə edilib və onun ölkəni tərk etməsi qadağan edilib. Keçmiş baş nazirin özü məhkəmə iclasında iştirak edib.

Baş prokuror Qeorqi Qvarakidze brifinqdə bildirib ki, Qaribaşviliyə qarşı xüsusilə böyük miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması üzrə ittiham irəli sürülüb. Baş prokurorun qeyd etdiyi kimi, 2019-21-ci illərdə müdafiə naziri və baş nazir vəzifələrində çalışmış Qaribaşvili gizli şəkildə bizneslə məşğul olub ki, bu da məmurlar üçün qanunla qadağandır. Məmurlardan doldurmaları tələb olunan gəlir bəyannamələrində Qaribaşvili ailə üzvlərindən illik olaraq hədiyyə qismində pullar aldığını iddia edib. Beləliklə, keçmiş baş nazir 830 000 lari (təxminən 520 000 manat) alıb və bu pulları qanuni dövriyyəyə buraxıb. Bundan əlavə, o, ailə üzvlərindən birinə məxsus olan şirkətə 3 670 172 lari (2.2 milyon manatdan çox) investisiya qoyub.

Qaribaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin "Xüsusilə külli miqdarda gəlir əldə etməklə əlaqəli qanunsuz gəlirlərin leqallaşdırılması (çirkli pulların yuyulması)" maddəsi üzrə cinayət işi açılıb və buna görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qaribaşvili günahını boynuna alıb.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu daha əvvəl Qaribaşvilinin, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvilinin, keçmiş baş prokuror Otar Partsxaladzenin və onlarla əlaqəli səkkiz şəxsin evlərində axtarış aparıldığını bildirib. Onların evlərindən bir neçə milyon dollar nağd pul, eləcə də zərgərlik əşyaları və digər qiymətli əşyalar müsadirə edilib. İki dəfə (2013-2015 və 2021-2024-cü illər) baş nazir vəzifəsini tutmuş Qaribaşvili dindirilmə zamanı əməllərini etiraf edib.

Link kopyalandı!
Son xəbərlər