İspaniyada görkəmli rəssam, kubizm cərəyanının (real obyektlərin həndəsi fiqurlar şəklində təsviri - red.) banilərindən biri Pablo Pikassonun Madriddən Qranadaya göndərilərkən itirilmiş əsəri tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya polisinin mətbuat xidməti "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bildirilir ki, Pikassonun "Gitara ilə natürmort" əsəri sentyabrın 25-də müəmmalı şəkildə yoxa çıxıb. Tablo Madriddən "CajaGranada" mədəniyyət mərkəzinə göndərilməli idi. Rəssamın 1919-cu ildə kətan üzərində çəkdiyi bu əsər 600 min avro məbləğində sığortalanmışdı.
Medianın yazdığına görə, əsər Madriddə yoxa çıxmış, Qranadaya göndərilməmişdi. Halbuki tabloya məsul olan özəl şirkət onu digər sənət əsərləri ilə birlikdə Qranadaya çatdırmalı idi.
Məlumatda deyilir ki, ehtimala görə, tablo ümumiyyətlə yük maşınına qoyulmamışdı. Polis tərəfindən araşdırmalar davam etdirilir və tablonun həqiqiliyi yoxlanılır.