Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ermənistana planlaşdırılan səfərini Litva hökumətinin xaricdə mühafizə təmin etməməsi səbəbindən ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə Litvanın “Delfi” portalları Tixanovskayanın müşaviri Denis Kuçinskisə istinadən məlumat yayıb.
“bəli, biz çoxdan planlaşdırılan və Şərq Tərəfdaşlığı Assambleyasının plenar iclasında iştirak etmək üçün ilk dəfə olaraq Ermənistana nəzərdə tutulan səfəri ləğv etmək kimi çətin qərar verməyə məcbur olduq. Bu qərar dövlət rəhbərlərinin təhlükəsizliyinə cavabdeh xüsusi mühafizə xidmətinin xaricdə istifadə edilməsinin dayandırılması ilə bağlıdır. Ümid edirdik ki, risk səviyyəsi yüksək olan ölkələr üçün istisna ediləcək, lakin təəssüf ki, belə olmadı”, - Kuçinkis bildirib.
Onun sözlərinə görə, Tixanovskayanın ofisi Litva hökumətinin qərarını tənqid etmir və Litva rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Litvanın Xarici İşlər Nazirliyi isə bildirib ki, ölkənin Ermənistandakı səfirliyi səfər zamanı Tixanovskaya bütün lazımi yardımı göstərməyə hazır olub.
Məlumata əsasən, oktyabrın əvvəlindən etibarən Tixanovskayanın şəxsi mühafizəsi dövlət rəhbərlərinin təhlükəsizlik xidməti tərəfindən yox, Kriminal Polis Bürosuna həvalə edilib. Yeni qurum yalnız müəyyən risk altında olan şəxslərin təhlükəsizliyinə nəzarət edir.
Qeyri-rəsmi məlumatlara görə, Tixanovskayanın əvvəlki sxem üzrə 24 saatlıq mühafizəsi Litva büdcəsinə ildə təxminən 1 milyon avroya başa gəlib.