Dünya
547
23 Oct 2025 | 22:05

"İsrail bütün dünyaya qarşı döyüşə bilməz" - Trampdan sərt xəbərdarlıq

"ABŞ prezidenti İudeya və Samariyanın ilhaqını dayandırdı, Vaşinqtonla Təl-Əviv arasında gərgin diplomatik mübahisə böyüyür..."

ABŞ prezidenti Donald Tramp İsrailin İudeya və Samariyanı ilhaq etməsinə imkan verməyəcəyini açıq şəkildə bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Time" jurnalına müsahibəsində bəyan edib.

"Mən Bibini dayandırdım"

Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə əldə olunan diplomatik balansı dağıda bilər və ABŞ-ın İsrailə dəstəyini tamamilə itirməsinə səbəb olar: "Bu, baş verməyəcək. Mən ərəb dövlətlərinə söz vermişəm. Hazırda belə bir addım mümkün deyil. Əgər İsrail buna getsə, ABŞ-ın dəstəyini itirər. Mən Netanyahunu dayandırdım, çünki o, artıq çox irəli gedirdi. Mən dedim: "Bütün dünyaya qarşı döyüşmək olmaz".

Tramp bildirib ki, onun müdaxiləsi olmasaydı, İsrailin əməliyyatları illərlə davam edə bilərdi: "Mən onu dayandırdım və hər şey yerinə oturdu. O, Qətərdə bir taktiki səhv etmişdi, lakin bu səhv bizi bir araya gətirdi. Nəticədə hamı istədiyini aldı".

ABŞ lideri həmçinin İsrailin 95 faiz girovu azad etdiyini xatırladıb və bu nəticənin diplomatik təzyiq sayəsində əldə olunduğunu vurğulayıb. "Onlar iki mərhələdə razılaşma istəyirdilər, mən isə dedim: "Hamısını dərhal azad edin". Biz bu sövdələşməni bağladıq və ailələr öz doğmalarını gördülər", - Tramp bildirib.

Vaşinqtonun sərt mövqeyi və "gülünc" səsvermə

Eyni mövzuda vitse-prezident Cey Di Vens də Knessetdə keçirilən səsverməni "gülünc siyasi oyuna" bənzədib. O, İsrailə açıq xəbərdarlıq edib: "Mən şəxsi təhqir hiss etdim. ABŞ İsrailə İudeya və Samariyanı ilhaq etməyə icazə verməyəcək. Bu səsvermə bizi məmnun etmir".

Vensin sözlərinə görə, Birləşmiş Ştatlar ilhaq planını dayandırmaqla yanaşı, Qəzzada beynəlxalq sabitləşmə qüvvələrinin yaradılması üzərində işləyir. Bu qüvvələr HƏMAS-ın tədricən silahsızlaşdırılması, sərhədlərin qorunması və humanitar dəstəyin təşkili ilə məşğul olacaq.

O, qeyd edib ki, "bəziləri bu prosesi uğurla aparacaq, digərləri isə daha zəif iştirak edəcək, lakin məqsəd aydındır - sülhü uzunmüddətli saxlamaq". Eyni zamanda, ABŞ Dövlət katibi Marko Rubio da səsverməni pisləyib və xəbərdarlıq edib ki, "Knessetdəki bu addımlar Qəzzadakı sülh razılaşmasına birbaşa təhlükə yaradır".

İsraildə daxili siyasi oyunlar və Netanyahunun dilemması

Netanyahunun ofisi səsverməni "müxalifətin siyasi təxribatı" adlandırıb. Rəsmi açıqlamaya görə, ilhaq layihələri hökumət tərəfindən deyil, müxalifət deputatları tərəfindən irəli sürülüb və hakim "Likud" partiyası onlara dəstək verməyib. Yalnız bir deputat partiya xəttini pozaraq "lehinə" səs verib və sonradan vəzifəsindən uzaqlaşdırılıb.

İsrail mediası yazır ki, Vaşinqtonun reaksiyası "bənzəri görünməmiş dərəcədə sərt" olub. Tramp administrasiyası hazırda İsraillə münasibətlərə şəxsən nəzarət edir və "dünyanın dağılmasına imkan verməyəcəyini" bəyan edib.

Tramp isə ümid edir ki, yaxın aylarda Səudiyyə Ərəbistanı da "Avraam Sazişləri"nə qoşulacaq: "Biz artıq dörd ölkə ilə imzalamışıq, indi növbəti addım Səudiyyə Ərəbistanıdır. Bu, çox mühüm mərhələ olacaq".

Donald Trampın son bəyanatları göstərir ki, ABŞ İsraili açıq şəkildə xəbərdar edir: ilhaq planı Vaşinqtonun dəstəyini sual altına qoya bilər. Netanyahu hökumətinin daxilindəki siyasi qarşıdurma və Vaşinqtonun təzyiqləri İsrail siyasətində yeni böhran mərhələsinin başlandığını göstərir.

Trampın sözləri isə bir daha onun Yaxın Şərqdə "tənzimləyici güc" rolunu öz üzərinə götürmək niyyətindən xəbər verir: "Heç kim Yaxın Şərqi birləşdirə bilməmişdi, amma indi bu baş verir. Mən sadəcə istəyirəm ki, dünya yenidən sülhə qayıtsın".

Link kopyalandı!
Son xəbərlər