"ABŞ və Avropa İttifaqının yeni sanksiyaları Moskvanı qəzəbləndirib..."
Vaşinqtonun və Brüsselin Rusiya əleyhinə yeni sanksiyaları və ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə Budapeştdəki planlaşdırılmış görüşünü ləğv etməsi Kreml dairələrində açıq hiddət doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "trtrussian.com" nəşri məlumat yayıb.
Tramp-Putin görüşünün ləğvi Kremlə "zərbə" oldu
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Telegram" hesabında emosional paylaşım edərək ABŞ-ı "düşmən" adlandırıb və Trampın "sülhpərvər imicindən" imtina etdiyini bildirib.
"ABŞ artıq bizim açıq düşmənimizdir. Onların danışan "sülhməramlısı" indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub. Bu artıq onun savaşıdır, Baydenin yox!" - Medvedev yazıb.
O, Trampın qərarını "müharibə aktı" adlandıraraq bildirib ki, bundan sonra Rusiya "bütün banderovçu yuvaları müxtəlif silahlarla vurmaqda" tərəddüd etməyəcək: "Zəfəri yalnız cəbhədə qazanmaq olar, masada deyil. Düşmənlər məhv edilməlidir, mənasız sövdələşmələr bağlanmamalıdır".
Medvedevin bu çıxışı, Rusiyanın Tramp administrasiyasına qarşı son illərdəki ən sərt ritorikası kimi qiymətləndirilir. Qərb analitikləri hesab edir ki, Moskvanın belə açıq ton dəyişməsi həm iqtisadi çətinliklərin dərinləşməsi, həm də diplomatik təcridin artması ilə bağlıdır.
Zaxarova da təhdid etdi: "Rusiyanın cavabı olacaq"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da oktyabrın 23-də təqdim olunan 19-cu Avropa sanksiya paketinə münasibət bildirib. O, sanksiyaların "Moskva yox, Brüsselin özünə zərər vuracağını" deyərək, Kreml tərəfindən cavab tədbirlərinin görüləcəyini bəyan edib: "Rusiya öz milli maraqlarına uyğun şəkildə, adekvat və düşünülmüş cavab verəcək. Qərbin bizə zərbə vurmaq cəhdləri nəticəsiz qalacaq", - o, vurğulayıb.
Zaxarova həmçinin ABŞ Maliyyə Nazirliyinin OFAC idarəsinin "Rosneft", "Lukoyl" və onların 50-dən çox törəmə şirkətinə tətbiq etdiyi sanksiyaları "kontraproduktiv" adlandırıb. Onun sözlərinə görə, bu qərarlar "Ukrayna münaqişəsinin diplomatik həlli üçün bütün imkanları azaldır və dünya iqtisadiyyatına mənfi təsir göstərir". Diplomat əlavə edib ki, "Rusiya Qərb məhdudiyyətlərinə qarşı immunitet qazanıb və iqtisadi, xüsusilə enerji potensialını inkişaf etdirməyə davam edəcək".
Sanksiyaların miqyası və məqsədi
Avropa İttifaqının qəbul etdiyi 19-cu sanksiya paketi Rusiya iqtisadiyyatının əsas dayaqlarına yönəlib. Siyahıya 45 yeni şirkət, o cümlədən Moskvaya ixrac məhdudiyyətlərini aşmağa kömək edən xarici firmalar daxil edilib.
Aİ həmçinin 2026-2027-ci illərdən etibarən Rusiyadan maye qaz (LNG) idxalını tam qadağan edib, "Rosneft" və "Qazpromneft"lə bütün kommersiya əməliyyatlarını dayandırıb. Sanksiyalar 118 "kölgə donanması" gəmisinə, "Mir" və "SBP" kimi rus ödəmə sistemləri ilə bağlı maliyyə əməliyyatlarına, kriptoxidmətlərə və turizm sektoruna da şamil olunub.
ABŞ-ın paralel sanksiya paketi isə enerji sektorunu hədəf alaraq Kremlə döyüş büdcəsini təmin edən əsas gəlir mənbələrini zəiflətməyi məqsəd qoyur. Rəsmi bəyanatda qeyd edilir ki, "bu tədbirlər Rusiyanın müharibə maşınını maliyyələşdirmə imkanlarını məhdudlaşdırır və Ukraynaya qarşı aqressiyanın davamını çətinləşdirir".
Kreml son sanksiya dalğasını və Tramp-Putin görüşünün ləğvini "müharibə aktı" kimi qəbul edib. Medvedevin təhdid dolu bəyanatları və Zaxarovanın diplomatik ritorikası Rusiyanın təcrid vəziyyətini gizlətməyə xidmət edir.
Lakin Qərb bu dəfə daha sərt və koordinasiyalı şəkildə hərəkət edir - enerji, maliyyə və diplomatik kanalların eyni anda bağlanması Moskvanın manevr imkanlarını azaldır. Tramp administrasiyasının bu qərarı, görünür, Rusiya ilə "barışıq axtarışından" açıq şəkildə imtina etdiyi yeni mərhələnin başlanğıcıdır.