"Qərbin mövqeyi sərtləşir: Ukraynaya hücum azadlığı verilir, Tramp isə məsuliyyətdən uzaq durur..."
ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynanın Qərb tərəfindən verilmiş uzaqmənzilli raketlərdən, xüsusilə "Storm Shadow" tipli silahlardan Rusiya ərazisinə qarşı istifadə etməsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Vaşinqtonun gizli qərarı və Trampın təkzibi
Tramp bu xəbəri dərhal "feyk" adlandırıb və "Truth Social" sosial şəbəkəsibdə yazıb: "ABŞ-ın bu raketlərlə və Ukraynanın onlardan necə istifadə etməsi ilə heç bir əlaqəsi yoxdur!".
Mənbələrin bildirdiyinə görə, bu qərar Pentaqon rəhbərliyindəki səlahiyyətlərin dəyişdirilməsindən sonra qəbul olunub: müdafiə naziri Pit Heqset artıq bu sahədəki qərar səlahiyyətini Avropadakı ABŞ qüvvələrinin baş komandanı və NATO-nun ali hərbi rəhbəri general Aleksus Grinkeviçə ötürüb. Bu addım Vaşinqtonun Kiyevə daha geniş hərbi çeviklik verməsi kimi dəyərləndirilir.
Ukraynanın sərhədyanı zərbələri
ABŞ rəsmiləri hesab edir ki, Ukrayna yaxın zamanda "Storm Shadow" raketləri ilə Rusiyanın dərinliklərinə yeni hücumlar həyata keçirəcək. Bu raketlər Ukrayna təyyarələrindən buraxılır və 280 kilometrdən çox məsafə qət edə bilir. Bununla belə, Vaşinqton bəzi məhdudiyyətləri saxlaya bilər, çünki hədəflərin müəyyənləşdirilməsində ABŞ-ın kəşfiyyat məlumatlarından istifadə olunur.
NATO nümayəndəsi polkovnik Martin O’Donnel isə açıq şəkildə bildirib: "Ukrayna Rusiya daxilində qanuni hərbi hədəflərə dəqiq zərbələr endirmək qabiliyyətini sübut edib. Bizim icazəmiz olmadan da o, Kremlin mənasız müharibəsini zəiflətməkdədir". Bu açıqlama NATO daxilindəki tonun dəyişdiyini göstərir: Qərb artıq Ukraynanın müstəqil şəkildə zərbələr endirməsinə qarşı əvvəlki qədər sərt mövqedə deyil.
ABŞ-dan yeni silah dalğası və Zelenski-Tramp görüşü
WSJ-nin məlumatına görə, "Storm Shadow" məhdudiyyətlərinin qaldırılması qərarı Ukrayna prezidenti Vladimir Zelenskinin keçən həftə Ağ Evdə Trampla görüşündən əvvəl qəbul edilib.
ABŞ yaxın günlərdə Ukraynaya 3350 ədəd Extended Range Attack Munition (ERAM) tipli raketlərin satışını da təsdiqləyib. Bu raketlər 250-450 kilometr məsafəyə qədər uçuş qabiliyyətinə malikdir. Bundan əlavə, Bayden administrasiyasının vaxtında verilmiş ATACMS raketləri də Ukraynaya ötürülüb, lakin Tramp hakimiyyətə qayıtdıqdan sonra onların Rusiya ərazisinə qarşı istifadəsinə icazə verilməyib.
Senator Anqus King isə qeyd edib ki, Ukraynaya "Tomahawk" və digər uzaqmənzilli raketlərin göndərilməsi Kiyevin mövqeyini gücləndirəcək, lakin Vaşinqton bu silahların hansı hədəflərə yönəldildiyini nəzarətdə saxlamalıdır: "Əgər biz bu zərbələrin yalnız hərbi obyektlərə, Ukraynaya hücumları dəstəkləyən infrastruktura yönəldiyinə əmin olsaq, bu, Putinə bu müharibəni udmayacağını anlatmağın ən təsirli yolu olar".
Beləliklə, Trampın təkzibinə baxmayaraq, ABŞ və NATO daxilində Ukraynaya daha sərbəst hərbi fəaliyyət sahəsi açılır. Bu isə münaqişənin yeni mərhələyə keçdiyini - bir tərəfdən "rəsmi inkarlar", digər tərəfdən isə reallıqda Rusiya ilə birbaşa təmas xəttinin getdikcə genişlənməsini göstərir.