Son günlər Rusiya Ukraynaya hücumlarının sayını kəskin artırıb. Kiyevdə enerji obyektləri, Xarkovda uşaq bağçasına və yaşayış yerlərinə hücum olundu, ölən və yaralanlar var. Son hücumların intensivləşməsi və mülki əhalinin hədəfə alınması Rusiya tərəfinin strateji mesajı kimi necə şərh edilə bilər? Bu hücumlar Ukrayna rəhbərliyinə təzyiq göstərmək, Zelenskinin istefasını sürətləndirmək məqsədi daşıyırmı?
Siyasi şərhçi Anar İsayev Moderator.az-a açıqlamasında deyib ki, Rusiyanın Ukraynaya son hücum dalğası həm taktiki, həm də siyasi-strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, qış öncəsi Rusiyanın əsas hədəfi enerji infrastrukturlarıdır:
“Rusiya artıq üçüncü qışa gedən bu müharibədə əvvəlki illərdə olduğu kimi Ukraynanın enerji sistemini iflic etməyə çalışır. Elektrik, istilik və su təchizatının zərbə alması əhalinin dözümlülüyünü sındırmaq, hökumətə qarşı narazılığı artırmaq məqsədi daşıyır.
Xarkov, Kiyev, Dnipro kimi şəhərlərdə mülki hədəflərə zərbə vurmaqla Moskva beynəlxalq gündəmi yenidən Ukraynaya çevirmək, eyni zamanda Qərb ictimaiyyətində “bu müharibə heç vaxt bitməyəcək” təəssüratı formalaşdırmaq istəyir. Bu, xüsusilə ABŞ və Avropa cəmiyyətlərində “yardımı davam etdirməyə dəyərmi?” sualını gücləndirməyə hesablanıb. Hesab edirəm ki,mülki əhalinin və uşaqların hədəfə alınması “Zelenski hakimiyyətinə qarşı daxili təzyiqin” artırılması strategiyasının bir hissəsidir. Moskva hesab edir ki, iqtisadi çətinliklər, enerji böhranı və davamlı raket hücumları fonunda Ukrayna rəhbərliyinə etimad zəifləyəcək. Nəzərə alsaq ki, son aylarda həm orduda itkilərin çoxluğu, həm də ABŞ yardımının azalması Ukrayna daxilində Zelenskiyə qarşı narazılığı artırmaqdadır. Rusiya bu zəifliyi hiss edərək hücumların intensivliyini artırmaqla “Zelenski getməsə, sülh olmayacaq” mesajını həm Ukrayna ictimaiyyətinə, həm də Qərb paytaxtlarına ötürür”.
Siyasi şərhçi hesab edir ki, hələlik Moskvanın məqsədi Zelenskini fiziki və ya dərhal siyasi şəkildə devirmək deyil — daha çox onun mövqeyini zəiflətmək və sülh danışıqlarında güzəştə məcbur etməkdir:
“Əslində son Tramp-Zelinski görüşündə də sülhün olması üçün Trampın şərti, həm də demək olar tələbi Ukraynanın ərazi itkisilə razılaşmasıdır. Lakin təbii ki, nə rəsmi Kiyev, nə də Qərb dövlətləri bu tələblə razılaşa bilməzlər.Bu konteksdəTramp–Putin görüşünün ləğvi əslində sülh prosesinin gedişatına ciddi təsir göstərə bilər. Belə ki, görüş ləğv edildikdən sonra həm Moskva, həm də Vaşinqton tərəfi bir-birinə qarşı daha sərt ritorikaya keçdi. Bu isə atəşkəs və ya sülh formatı üçün yeni diplomatik pəncərənin bağlanması deməkdir. Ona görə də mümkündür ki, Rusiya yaxın 1–2 ay ərzində maksimum hərbi üstünlük qazanmağa, Ukrayna isə hava hücumundan müdafiə sistemlərini gücləndirmək, ABŞ-dan və Avropa ölkələrindən yeni maliyyə paketi və uzaq mənzilli raketlərin alınmasına çalışacaq.
Tramp faktorunun aradan qalxması (müvəqqəti də olsa) Putinə “siyasi boşluqdan istifadə etmək” imkanı verir. O, danışıqlardan kənarda qalaraq, faktiki nəticələri meydanda yaratmaq istəyəcək — yəni “masa”ya əlində daha çox ərazi və üstün mövqe ilə qayıtmaq istəyəcək”.
Mehin Mehmanqızı