Bizi sosial şəbəkələrdən izləyin:
Avropada təhlükə siqnalları artır. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri vətəndaşları fövqəladə vəziyyətə hazır olmağa çağırıb və üç on günlük ərzaq ehtiyatı toplamağı tövsiyə edib. 35 ildən sonra ilk dəfə verilən bu xəbərdarlıq “savaş qapıdadırmı?” sualını gündəmə gətirib. Almaniyanın bu çağırışı — müharibənin həqiqətən yaxınlaşdığı anlamınamı gəlir? Avropa artıq yeni bir silahlı toqquşmaya hazırlaşır?
Moderator.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Almaniyanın rəsmi qurumları və rəsmi şəxsləri tərəindən bu istiqamətdə edilən çağırışlar yeni çağırışlar deyil. Onun sözlərinə görə, bundan əvvəl də oxşar çağırışlar olub:
“Hələ 2024-cü ilin dekabr ayında Almaniya Federal Mülki Müdafiə və Fövqəladə Vəziyyətlərdə Yardım İdarəsi ölkə əhalisinə ən azı üçgünlük ehtiyaclarını ödəyə biləcək səviyyədə ehtiyat tədbirləri görmələri barədə xəbərdarlıq etmişdi. Əhaliyə su, ərzaq, konserv, nağd pul, radio və batareya ehtiyatı görmələri tövsiyə olunmuşdu. Bu ilin əvvəlində isə mövcud sığınacaqların nəzərdən keçirilməsi və evlərin zirzəmilərində sığınacaqların yaradılması ilə bağlı qərarlar da olub.
Bu da başa düşüləndir. Əvvəla ona görə ki, Rusiyanın təhdidləri və ABŞ-nin Avropa İttifaqının təhlükəsizliyindən imtina edə biləcəyinə dair bəyanatlar və ya ehtimallar fonunda hər bir ölkə istənilən situasiyaya hazır olmaq məcburiyyətindədir. Başqa sözlə ölkələrin təkcə hərbi sahədə deyil, mülki müdafiə və fövqəladə vəziyyətlərlə bağlı da ehtiyat tədbirlərini gücləndirməsi vacibdir. Dünya elə bir mərhələyə qədəm qoyub ki, savaşın qapıda olub-olmamasından asılı olmayaraq istənilən sahədə hazırlıq olduqca vacib şərtdir”.
Politoloq diqqətə çatdırıb ki, Almaniya tərəfindən atılan bu addımları yeni toqquşaya hazırlıq kimi deyil, ölkənin kritik vəziyyətlərə hazır olması üçün bir sınaq kimi qiymətləndirmək daha düzgün olardı:
“Digər tərəfdən isə Almaniya da bir sıra Avropa İttifaqı ölkələri kimi siyasi və iqtisadi böhran içərisindədir. Hakimiyyətdə olan qüvvələrin reytinqi hər keçən gün aşağı düşür, əvəzində isə ultra sağ qüvvələrin mövqeləri güclənir. Almaniyanın hakimiyyətə müxalif olan “Almaniya üçün Alternativ” partiyasının tərəfdarlarının sirası hər keçən gün böyüyür. Onlar isə indiki hakimiyyətdən fərqli olaraq Tramp kimi ilk olaraq öz ölkələrinin maraqlarının vacibliyini gündəmə gətirilər. Yəni “ilk növbədə Almaniya” şüarı ilə çıxış edirlər.
İqtisadi böhran yaşayan Almaniyanın Ukraynaya artan yardımları da artıq geniş kütlə tərəfindən qəbul olunmur. Belə olan halda, ictimai rəydə Rusiya xofunu qabartmağa ehtiyac yaranır ki, Almaniya hakimiyyəti də məhz bunu edir. Yəni, zaman-zaman fövqəladə vəziyyətə hazır olmaqla bağlı çağırışlar təkcə ölkənin mülki müdafiə sahəsində hazırlığını təmin etməyə yox, həm də həyata keçirilən siyasətə ictimai dəstəyi təmin etməyə hesablanıb”.
Mehin Mehmanqızı