Dünya
499
22 Oct 2025 | 20:30

"Luvrdakı sensasiyalı oğurluq: İmperatorların zinət əşyaları və Durovun təklifi" - Rusiya nəşri

"Luvrun talan edilməsi mənim üçün təəccüblü deyil - bu, bir vaxtlar böyük ölkənin tənəzzülünün əlamətidir..."

Parisin Luvr muzeyində baş vermiş sensasiyalı oğurluq Fransanı silkələyib. 19 oktyabr səhəri cəmi yeddi dəqiqə ərzində dörd nəfərlik dəstə məşhur Apollon Qalereyasına daxil olaraq Fransa monarxiyasına məxsus doqquz qədim zinət əşyasını aparıb. 

Moderator.az xəbər verir ki, bu barədə "top15moscow.ru" nəşri yazıb.

Tarixin bərq vuran yadigarı: oğurlanan Luvr xəzinəsi

Oğruların hədəfi 18-19-cu əsrlərin kraliça və imperatriçalarına məxsus daş-qaşlar olub. Oğurlananlar arasında imperatriça Mariya-Luiza Avstriyalıya aid zümrüdlü dəst, kraliça Mariya-Ameliyaya məxsus safirli parüra və Evgeniya de Montixonun brilyantlı diademası da var.

Evginiyanın tacı qaçış zamanı yolda düşüb, lakin 140 karatlıq məşhur "Regent" almazına oğrular toxunmayıb- yəqin ki, çox tanındığı üçün satılması mümkünsüz sayılıb. Ekspertlərin qiymətləndirməsinə görə, oğurlanan əşyaların ümumi dəyəri on milyonlarla avro təşkil edir. Lakin bu, sadəcə maddi deyil, həm də mədəni itki sayılır, çünki həmin zinətlər Avropa imperiyalarının siyasi simvolu, güc və zərifliyin bədii ifadəsi olub.

İmperator qadınların zinət dünyası

I Napoleon siyasi gücünü möhkəmləndirmək məqsədilə həyat yoldaşı Mariya-Luiza üçün zümrüdlü dəst hazırlatmışdı - diadema, boyunbağı, bilərzik və sırğalardan ibarət bu kolleksiya Avropa aristokratiyasının zövqünün zirvəsinə çevrilmişdi. Mariya-Ameliyanın safirli parürası isə XIX əsr Fransasında Restavrasiya dövrünün simvolu sayılırdı. O dövrdə kral ailəsi bu bəzəkləri Fransa tacının bir hissəsi kimi qoruyurdu.

Ən məşhur zinətlər isə imperatriça Evgeniya de Montixoya məxsus idi. O, Parisdə modanın rəmzinə çevrilmişdi: brilyantlı bant, mirvarili diadema və oğlu Napoleon-Ejenin saç tellərini saxladığı relikvari broş onun şəxsi hekayəsinin bir hissəsi idi. Bu əşyalar sonradan Luvr muzeyinə qaytarılmışdı, lakin indi yenidən yoxa çıxıb.

Durovun reaksiyası və Luvr Əbu-Dabi təklifi

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. "Telegram"ın yaradıcısı, hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayan milyardçı Pavel Durov "X" sosial şəbəkəsində bu hadisəyə reaksiya verib. O, Fransa hökumətini "xəyali təhlükələrlə xalqı yayındırmaqda" günahlandıraraq yazıb: "Luvrun talan edilməsi mənim üçün təəccüblü deyil - bu, bir vaxtlar böyük ölkənin tənəzzülünün əlamətidir".

Bir istifadəçi zarafatla "Mən o oğruyam" yazdıqda, Durov cavab verib: "O zaman sevinclə həmin zinətləri alaram və Luvra qaytararam…Yəni Luvr Əbu-Dabiyə. Axı oradan heç kim oğurluq etmir". Bu ironiya ilə yazılmış sözlər sosial mediada geniş rezonans doğurub. Fransa polisi isə istintaqa İsrailin sabiq təhlükəsizlik rəhbəri Yaakov Perinin şirkətini də cəlb edib.

Luvr tarixinin bu ən cəsarətli oğurluğu yalnız Fransa mədəni irsinə zərbə deyil, həm də Qərb muzeylərinin təhlükəsizlik sisteminə qarşı açıq bir sual kimi qalır. Ehtimal olunur ki, bu bəzəklər "xüsusi sifarişlə" oğurlanıb və illərlə gizli kolleksiyalarda qalacaq - ta ki, tarix onları yenidən üzə çıxarsın.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər