Dünya
369
17:35, Bu gün

"Avropa və Ukrayna 12 maddəlik sülh planı üzərində razılığa gəlir: Moskva razı olacaqmı?" - "Bloomberg"

"Yeni plan Rusiya ilə döyüşləri dayandırmaq, deportasiya olunan uşaqları qaytarmaq və Ukraynaya təhlükəsizlik zəmanəti verməyi hədəfləyir..."

Avropa ölkələri və Ukrayna birgə 12 maddədən ibarət sülh planı hazırlayırlar. Sənədin məqsədi - müharibəni hazırkı cəbhə xətti boyunca dondurmaq, hərbi eskalasiyanı dayandırmaq və Rusiyanın yeni tələblərini rədd etməkdir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri  məlumat yayıb.

Müharibənin dayandırılması üçün ortaq plan

Plan həm də Kreml diktatoru Vladimir Putinin ABŞ-a təzyiqlərini, yəni Kiyevin kapitulyasiyası və ərazi güzəşti müqabilində "sülh" razılaşması istəklərini rədd edir. Sazişin icrasına nəzarəti ABŞ prezidenti Donald Trampın rəhbərliyində yaradılacaq xüsusi "Sülh Şurası" həyata keçirəcək. 

Plana əsasən, Rusiya və Ukrayna atəşkəsə razı olduqdan sonra tərəflər yeni hücumlardan imtina etməli, deportasiya edilmiş ukraynalı uşaqlar və hərbi əsirlər dəyişdirilməlidir. Ukrayna təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı bərpa üçün maliyyə yardımı və Avropa İttifaqına sürətləndirilmiş qəbul prosesi əldə edəcək.

Sanksiyalar, dondurulmuş aktivlər və Rusiyanın öhdəlikləri

Avropa planına görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar tədricən yumşaldıla bilər. Lakin əsas şərt qalır - Moskva Ukraynanın bərpasına maliyyə töhfəsi verməsə, Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq dondurulmuş ehtiyatları azad olunmayacaq.

Əgər Kreml atəşkəsdən sonra yenidən hücuma keçərsə, bütün sanksiyalar avtomatik bərpa olunacaq. Bununla yanaşı, Moskva və Kiyev işğal olunmuş ərazilərin idarə olunması barədə danışıqlara başlamalıdır, amma nə Avropa, nə də Ukrayna bu torpaqları hüquqi baxımdan Rusiya ərazisi kimi tanımayacaq.

Hazırda sənədin detalları müzakirə olunur və yaxın günlərdə Avropa nümayəndə heyətinin planı ABŞ-a təqdim edəcəyi gözlənilir. Bu təşəbbüs Trampın əvvəlki bəyanatları ilə səsləşir - o, "tərəflər indiki mövqelərində dayanmalı və atəş açmağı dayandırmalıdırlar" deyib.

Sammitin təxiri və Brüsseldə yeni mərhələ

Budapeştdə keçirilməsi planlaşdırılan Tramp-Putin görüşü qeyri-müəyyən vaxta təxirə salınıb. ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında aparılan danışıqlar nəticə verməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, "sammit ciddi hazırlıq tələb edir və hələ tarix müəyyən edilməyib".

Eyni zamanda Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti keçiriləcək. Burada Kremlə qarşı yeni sanksiyalar paketi və Ukraynaya maliyyə dəstəyi mexanizmi müzakirə ediləcək. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, "rəsmi dəvət aldığı təqdirdə" Brüsseldəki danışıqlarda iştirak etməyə hazırdır.

Avropa və Ukrayna diplomatik səviyyədə ilk real sülh sənədinin konturlarını formalaşdırırlar. Lakin əsas sual açıq qalır: Moskva bu planı qəbul edəcəkmi, yoxsa daha bir fürsəti müharibəni uzatmaq üçün istifadə edəcək?

Link kopyalandı!
Son xəbərlər