ABŞ dövlət katibi Marko Rubio bu həftəsonu İsrailə səfər etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, məlumatı Axios-un jurnalisti Barak Ravid ABŞ və İsrail rəsmilərinə istinadən X-də yayıb: “Katib Rubio bu həftənin sonuna doğru və ya həftəsonu İsrailə səfər etməyi planlaşdırır”
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens bundan əvvəl İsrailə səfər etmişdi.
Oktyabrın 19-da İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında İsrail əsgərlərinin atəşə tutulduğu insident barədə məlumat verərək, fələstinli yaraqlıların atəşkəsi pozduğunu elan edib. İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırıb və silahlı qüvvələrə yaraqlılara qarşı “hərəkət etmək” əmrini verib. Ordu daha sonra anklavda silsilə zərbələr endirib, onlarla hədəfə hücum edib. Hərbçilər daha sonra Rəfahda səhər saatlarında baş verən insidentdə iki əsgərin öldüyü, bir əsgərin isə ağır yaralandığına aydınlıq gətirib. HƏMAS nümayəndələri Rəfah hadisəsi ilə hər hansı əlaqəni inkar edirlər.