"Səfərin məqsədi Tramp administrasiyasının təşəbbüsü ilə başlanmış Qəzza nizamlanmasının "ikinci mərhələ" danışıqlarının icrasını təmin etməkdir..."
Oktyabrın 21-də ABŞ vitse-prezidenti Cey Di Vens ilk rəsmi səfəri ilə İsrailə gəlib. Ben Qurion hava limanında onu ədliyyə naziri Yariv Levin qarşılayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
ABŞ vitse-prezidenti İsraildə
Vens iki gün ərzində İsrailin prezidenti, baş naziri, eləcə də azad edilmiş girovlar və onların ailələri ilə görüşəcək. Onun əsas məqsədi Qəzza ilə bağlı razılaşmanın yerinə yetirilməsini yoxlamaq və Tramp administrasiyasının təşəbbüsü ilə başlanmış "ikinci mərhələ" danışıqlarının icrasını təmin etməkdir.
Vensin səfəri çərçivəsində ABŞ tərəfindən yaradılmış xüsusi qərargahın fəaliyyətinə də nəzarət ediləcək. Həmin qərargah İsrail və HƏMAS arasında əldə olunmuş sazişin icrasına nəzarət üçün nəzərdə tutulub.
Səfərdən bir gün öncə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də İsrailə gəlib. "The New York Times" yazır ki, Tramp administrasiyasında Netanyahunun sazişdən geri çəkilə biləcəyindən narahatlıq var və Vensin səfəri bu ehtimalı aradan qaldırmaq üçün təzyiq vasitəsi sayılır.
Misirin gizli diplomatiyası və Qahirə danışıqları
Eyni gündə İsrailə Misir hərbi kəşfiyyatının rəhbəri Həsən Rəşad da təcili səfər edib. O, baş nazir Benyamin Netanyahunun və İsrail təhlükəsizlik xidmətinin yeni rəhbəri David Zininin iştirakı ilə görüşlər keçirib. Söhbətlərin mərkəzində Tramp planının həyata keçirilməsi və Qəzzada yeni təhlükəsizlik mexanizminin qurulması dayanıb.
Rəşadın səfəri oktyabrın 20-də Qahirədə baş tutan Misir-HƏMAS danışıqlarının davamı olub. Bu danışıqlarda tərəflər Şarm əl-Şeyxdə imzalanmış razılaşmanın ikinci mərhələsinə keçidi müzakirə ediblər. Misir mətbuatı xəbər verir ki, Qahirə Qəzzada Türkiyə də daxil olmaqla müsəlman ölkələrin sülhməramlı kontingentinin yerləşdirilməsini təklif edir, lakin İsrail bu fikrə kəskin qarşı çıxır.
Eyni zamanda, Misir hökuməti İsrailin hərbi təzyiqi nəticəsində mümkün qaçqın axınına qarşı sərhədlərini gücləndirməyə hazırlaşır. Qahirə vəziyyətin nəzarətdən çıxacağı təqdirdə Sina yarımadasına ağır texnika və döyüş təyyarələri yerləşdirməyi planlaşdırır.
"İkinci mərhələnin" iki maneəsi"
"Əl-Ərabi əl-Cədid"in yazdığına görə, Qahirə danışıqlarında razılaşmanın icrası qarşısında iki əsas maneə aşkarlanıb. Bunlar təhlükəsizlik tədbirlərinin tam yerinə yetirilməməsi və humanitar yardımın fasiləsiz çatdırılmasındakı problemlərdir. Əgər bu iki məsələ həll olunmazsa, Qəzzada yenidən toqquşmalar baş verə və atəşkəs rejimi pozula bilər.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır. HƏMAS və ona bağlı silahlı qrupların əlində hələ də 15 girovun cəsədi var. Qırmızı Xaç vasitəsilə onların birinin meyiti İsrailə təhvil verilib.
ABŞ, Misir və İsrailin birgə diplomatik səyləri "Tramp planı"nın növbəti mərhələsini reallaşdırmağa yönəlib. Lakin həm Qahirədəki siyasi manevrlər, həm də Netanyahunun tərəddüdü göstərir ki, bu proses hələ uzun və gərgin bir yolun başlanğıcıdır.