Dünya
1269
18:00, Bu gün

"Ukrayna cəbhə xətti üzrə müharibəni dayandırmağa razıdır" - Zelenski

"Avropa və ABŞ liderləri mövcud sərhədlər üzərindən sülh təşəbbüsünü dəstəkləyir, Moskva isə hələ də əvvəlki tələblərində qalır..."

Oktyabrın 21-də Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski birgə bəyanatla çıxış edərək, hazırkı cəbhə xəttinin gələcək sülh danışıqları üçün başlanğıc nöqtəsi ola biləcəyini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Zelenski və Avropa cəbhə xəttində atəşkəsə hazırdır

Onlar ABŞ prezidenti Donald Trampın "dərhal döyüşlərin dayandırılması və ədalətli sülh" təşəbbüsünü dəstəklədiklərini bəyan edib.

Bəyanatda vurğulanıb ki, "mövcud təmas xətti danışıqların əsas bazası olmalıdır" və Ukrayna "hər bir mərhələdə - atəşkəsdən əvvəl, atəşkəs zamanı və ondan sonra ən güclü mövqeyini qoruyub saxlamalıdır". Avropa İttifaqı liderləri bildirib ki, Rusiya danışıqları bilərəkdən uzadır, bu isə Ukraynanın
sülhə yönəlmiş yeganə tərəf olduğunu bir daha göstərir.

"Biz hamımız görürük ki, Putin zorakılığı və dağıntını seçməyə davam edir. Bu səbəbdən biz təzyiqi artırmalı, Rusiya iqtisadiyyatı və müdafiə sənayesinə qarşı tədbirləri gücləndirməliyik", -  bəyanatda deyilir. Eyni zamanda, Avropa liderləri "Rusiyanın dondurulmuş
aktivlərinin dəyərinin Ukraynaya yönəldilməsi" üzərində işlədiklərini açıqlayıb.

"İlkin səbəblər aradan qaldırılmayıb"

Rusiya XİN rəhbəri Sergey Lavrov isə bu mövqeyə qarşı çıxaraq bəyan edib ki, "ideya düzgün deyil, çünki münaqişənin köklü səbəbləri hələ həll olunmayıb". O, Tramp və Putinin avqustda Alyaskada keçirdiyi sammitdə əldə edilmiş "anlayışlara" istinad edərək bildirib ki, Moskva tələblərindən geri çəkilməyib.

Lavrovun sözlərinə görə, Rusiya "Ukraynadan müəyyən ərazi güzəştləri" gözləyir və bu, "sülhün ilkin şərti" sayılır. Bu, Kreml üçün yeni mövqe deyil. Hələ 2024-cü ilin iyununda Vladimir Putin Ukraynadan Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən çıxmağı, eləcə də NATO-ya üzvlükdən imtina edib neytral status qəbul etməyi tələb edib. 2025-ci ilin avqustunda Putin həmin şərtlərin hələ də qüvvədə olduğunu təsdiqləyib.

Kremlin sözçüsü Dmitri Peskov da oktyabrın 20-də açıqlama verərək, Rusiyanın "hazırkı cəbhə xəttində qoşunları dayandırmaq məsələsindəki mövqeyinin dəyişmədiyini" bildirib. O, detallara varmasa da, Moskvanın "əvvəlki cavabının hamıya yaxşı məlum olduğunu" qeyd edib.

Trampın sülh planı və Zelenskinin cavabı

Donald Tramp son günlərdə bir neçə dəfə açıq şəkildə bildirib ki, "həm Rusiya, həm də Ukrayna ordusu harada dayanıbsa, orada da dursun". Onun sözləri ilə, "qoy hər iki tərəf özünü qalib elan etsin, tarix qərar versin. Daha çox ölüm və xərclərə son qoymaq lazımdır".

Bu bəyanat Trampın Ukrayna lideri ilə oktyabrın 17-də Ağ Evdə keçirdiyi görüşdən sonra səslənib. Həmin görüşdə Zelenski "atəşkəsin müzakirə üçün əsas şərt ola biləcəyini" qəbul etsə də, "Ukraynanın heç bir formada Kremlə mükafat verməyəcəyini" vurğulayıb. O, "Telegram" hesabında yazıb: "Biz Rusiyanın cinayətlərinə görə heç bir mükafat verməyəcəyik və tərəfdaşlarımızın da eyni mövqedə dayanacağına ümid edirik".

Beləliklə, Qərb, xüsusilə Avropa və ABŞ sülh istiqamətində yeni diplomatik fazaya keçid edir. Amma Moskva hələ də "əvvəlki sərhədləri" bərpa etməkdə israrlıdır. Hər iki tərəf "sülh" sözünü səsləndirsə də, bu sülhün xətti hələ ki, xəritədə deyil, siyasətin incə balansında çəkilir.

Link kopyalandı!
Son xəbərlər