Dünya
340
20 Oct 2025 | 20:35

"Rusiya etibarsız tərəfdaşdır, amma İranın başqa çıxış yolu yoxdur" - İsrail mətbuatı

"Rusiya bizim regionda mühüm dövlətdir, amma onların qırmızı xətti odur ki, İran heç vaxt dünya ilə tam barışmasın..."

Kreml bu həftə bəyan edib ki, Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. Bu mesaj Tehranın ali təhlükəsizlik rəsmisi Əli Laricaninin qəfil Moskvaya səfərindən sonra gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.

Məqalə müəllifi qeyd edir ki, Laricani səfər zamanı Ali Lider Ayətullah Xameneinin şəxsi məktubunu Vladimir Putinə çatdırıb. Səfərin yalnız fakt baş verdikdən sonra açıqlanması İranda onun məqsədi və vaxtlaması ilə bağlı mübahisələr doğurub, xüsusən də İsrail ilə iyun müharibəsindən sonra İran-Rusiya münasibətlərinin yeni mərhələyə keçib-keçmədiyi sual altına düşüb.

Rəsmi məlumatlara görə, Laricani və Putin ikitərəfli münasibətləri, iqtisadi əməkdaşlığı, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Məktubun məzmunu açıqlanmasa da, ertəsi gün Moskva İranın dalana dirənmiş nüvə proqramı məsələsində vasitəçilik etməyə hazır olduğunu bildirib. Rusiya XİN bəyan edib ki, "gərginliyin yeni nəzarətsiz eskalasiyasının" qarşısını almaq üçün siyasi-diplomatik həll yoluna sadiqdir və bu prosesdə "istənilən dəstəyi verməyə" hazırdır.

Moskvanın vasitəçi rolu və Tehranın məhdud manevr imkanı

Putin ötən həftə bildirib ki, İsrail rəhbərliyi onunla əlaqə saxlayaraq İranla daha geniş münaqişə istəmədiklərini deyib və bu mesajın Tehrana çatdırılmasını xahiş edib. Beləliklə, Rusiya özünü İsrail və İran arasında qeyri-rəsmi kanal kimi təqdim edir, lakin bu, Tehranın əlini gücləndirmir, əksinə, Kremlin kommunikasiya tempinə tabe edir.

Laricaninin səfəri həm də Putinin Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa ilə görüşündən sonra baş tutub. Şaraa bu ilin əvvəlində Bəşər Əsəd rejiminin süqutundan sonra hakimiyyətə gəlib və hazırda Tehranla münasibətləri gərgindir. Bu fon İranda belə şübhələr yaradıb ki, Kreml regionda yeni siyasi anlaşmanın memarı rolunu oynayır və bu sxemdə İran arxa plana keçə bilər.

Bütün bunlar BMT sanksiyalarının yenidən qüvvəyə mindiyi bir dövrdə baş verir. Tehran isə beynəlxalq təcriddən yayınmaq üçün geniş seçimə malik deyil - Rusiyaya qarşı sanksiyaları açıq şəkildə "qanunsuz" adlandıran azsaylı ölkələrdən biridir.

İran daxilində Rusiya ilə bağlı şübhələr artır

Lakin münasibətlər tam güvənə əsaslanmır. İran siyasi elitası iki yerə bölünüb: islahatçılar və moderatlar hesab edir ki, Moskva İranı Qərblə qarşıdurmasında alət kimi istifadə edir və lazım gəldikdə onu rahatlıqla qurban verə bilər. Sərt xətt tərəfdarları isə Rusiyanı ABŞ hegemonluğuna qarşı əsas müttəfiq kimi görür.

Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözləri bu dilemmanı ümumiləşdirir: "Rusiya bizim regionda mühüm dövlətdir. Amma onların qırmızı xətti odur ki, İran heç vaxt dünya ilə tam barışmasın".

Moskvanın bu yanaşması təsadüfi deyil. Əgər Tehran Qərblə münasibətləri normallaşdırsa, Rusiyaya daha az ehtiyac duyacaq, hətta bəzən Vaşinqtonla əməkdaşlıq edə bilər. Buna görə də Rusiya üçün ən əlverişli vəziyyət münaqişə halında olan dövlətlərdir. O zaman həm təhlükəsizlik xidməti satır, həm də özünü vasitəçi kimi təqdim edir - İsrail və İran arasında mesaj ötürməsindən tutmuş nüvə proqramı ilə bağlı danışıqlara qədər.

Tramp və Putinin yaxın günlərdə Budapeştdə görüşəcəyi gözlənilir. Görüşün əsas mövzusu Ukrayna müharibəsi olsa da, İran məsələsi də gündəmə gələ bilər. Lakin Moskva adətən açıq şəkildə tərəf tutmaqdan qaçır, iyun müharibəsi zamanı Tehrana real hərbi yardım etməməsi buna sübutdur. Halbuki, İran özü Rusiyaya pilotsuz uçuş aparatları və hətta ballistik raketlər satıb.

Nəticə etibarilə Tehranın seçimləri azdır. Rusiya etibarsız müttəfiqdir, lakin hazırda yeganə açıq kanal da elə odur. Buna görə İran Moskva ilə əməkdaşlığı gücləndirir, amma eyni zamanda çox yaxşı anlayır ki, Kremlin maraqları dəyişən kimi bu tərəfdaşlıq bir anda buxarlana bilər.

Müəllif: Aleksandra Appelberq

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər