İranın Astara şəhərində yerləşən "Spinas International" hotelində partlayış baş verib.
Moderator.az-ın İran KİV-ə istinadən xəbərinə görə, bu barədə Gilan vilayətinin Astara şəhəri üzrə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Babək Heydərzadə məlumat verib.
Məlumata görə, partlayış nəticəsində üç nəfər yaralanıb.
"Yaralılardan ağır yanıq xəsarətləri alan iki nəfərə dərhal hadisə yerində xilasedicilər tərəfindən tibbi yardım göstərilib və müalicəsinin davam etdirilməsi üçün Astara xəstəxanasına göndərilib. Onlar xilasedici helikopterlə əyalət paytaxtına aparılacaq", - deyə o bildirib.
"Hadisədən dərhal sonra Astara bələdiyyəsinin, eləcə də Lundvil bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətinin bölmələri, polis, "115" fövqəladə hallar xidməti və Astara Qızıl Aypara Cəmiyyətinin xilasediciləri hadisə yerinə göndəriliblər, yanğının söndürülməsinə, yardımların göstərilməsinə və xilasetmə işlərinin aparılmasına başlanılıb. Hazırda qəzanın səbəbləri, dəymiş ziyanın həcmi, zərərçəkənlərin vəziyyəti ilə bağlı ətraflı araşdırma aparılır", - deyə Babək Heydərzadə əlavə edib.
Hadisə yerində olan rəsmilərin ilkin açıqlamasına görə, hadisə qaynaq işləri zamanı ehtiyatsızlığa yol verilməsi və bu səbəbdən maye qaz balonunun partlaması nəticəsində baş verib ki, bu da nəticədə genişmiqyaslı yanğına gətirib çıxarıb.