Dünya
443
18:20, Bu gün

"Nədən Putin bütün Donbası ələ keçirmək istəyir?" - İSW

"Donbas indi həm Ukrayna, həm də Rusiya orduları üçün "ölüm zonası" reputasiyasına malikdir..."

Vladimir Putinin Ukraynadan bütün Donetsk vilayətini təslim etmə tələbini irəli sürməsi yalnız diplomatik addım deyil, həm də Rusiya üçün strateji üstünlüklər yaradır. 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Donbasın təslim edilməsi Rusiyaya strateji üstünlük verər

Analitiklərin fikrincə, belə bir təslim Moskva üçün Ukraynanın dərin arxa cəbhələrində əməliyyatları daha əlverişli mövqelərdən davam etdirmək imkanı yaradacaq. Donetsk vilayəti Ukraynanın müdafiə və müdafiə-sənaye potensialı baxımından strateji əhəmiyyət daşıyır.

Burada yerləşən əsas müdafiə xətti Rusiya ordusu üçün hələ də tutulması çətin mövqedir və hazırkı irəliləyiş tempi ilə bunun əldə olunması illərlə çəkə bilər. Analitiklər bildirir ki, vilayətin təslim edilməsi Rusiya qoşunlarına uzun və qanlı döyüşlər olmadan yeni hücum imkanları açacaq, Dnepropetrovsk və Zaporojyenin şərqində, eləcə də Xarkovun cənubunda zəif müdafiə olunan bölgələrə hücum üçün əlverişli mövqelər yaradacaq.

ISW-nin təhlilində həmçinin vurğulanır ki, Donetsk vilayətinin təslimi Moskva üçün bir neçə qarşılıqlı tamamlayıcı hücum əməliyyatını həyata keçirmək imkanı yaradır və Ukrayna strateji mövqelərini itirə bilər. Analitiklər qeyd edir ki, bu addım həm hərbi, həm strateji, həm də diplomatik baxımdan Rusiya üçün ciddi üstünlük deməkdir.

Siyasi və rəmzi məqsədlər

Politoloq Andreas Umland hesab edir ki, Putinin Donbası tam nəzarətə götürmək istəyinin əsas səbəbi yalnız hərbi üstünlük deyil, həm də rəmzi və siyasi məqsədlərdir. Onun sözlərinə görə, Moskva bu bölgəni 2014-cü ildən güclü müdafiə xətti - "fortress line" kimi qurmuş Ukrayna qoşunlarının əlindən almağa çalışır.

Umland əlavə edir ki, Putinin bu tələbi diplomatik təzyiq vasitəsi kimi də istifadə olunur: əgər Qərb, xüsusilə ABŞ, Ukrayna prezidenti Zelenskini razı salarsa, Kremlin strateji məqsədləri böyük əməliyyatlar aparmadan reallaşacaq. Əks halda, Moskva Ukraynanı "sülhə əngəl yaradan tərəf" kimi göstərə biləcək və daxildə siyasi gərginlik yaratmaq imkanı qazanacaq.

Müzakirələr və son vəziyyət

Ekspertlər bildirir ki, Moskva bu məsələdə yalnız hərbi gücə güvənmir, həm də diplomatiyadan istifadə edərək Qərbi Ukraynanı torpaq güzəştlərinə məcbur etmək üçün təzyiq vasitəsi kimi görür. Umlandın fikrincə, Donbas indi həm Ukrayna, həm də Rusiya orduları üçün "ölüm zonası" reputasiyasına malikdir və Putin bu strateji və siyasi problemi yeni hərbi əməliyyatlar keçirmədən diplomatik yolla həll etməyə çalışır.

Ötən həftələrdə Putinin Donetsk vilayətini tələb etməsi, ABŞ prezidenti Donald Trampla telefon danışığında da gündəmə gəlib. Tramp Zelenskiyə təzyiq göstərərək Rusiya şərtlərini qəbul etməsini tövsiyə etsə də, sonradan bildirib ki, Donbasın Ukraynada qismən bölünmüş qalması "hazırki vəziyyət kimi" saxlanmalıdır. Ukrayna isə mövqeyində israrlıdır və Donbasdan geri çəkilməyəcəyini açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər