Liderlərin görüşünə hazırlıq başladı – Putin və Tramp Ukrayna üçün hansı qərarı verəcək?
Dünya
892
14:34, Bu gün

Liderlərin görüşünə hazırlıq başladı – Putin və Tramp Ukrayna üçün hansı qərarı verəcək?

Budapeştdə planlaşdırılan Putin–Tramp görüşü dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər iki liderin bir araya gələcəyi bu görüş yalnız iki ölkənin deyil, bütün regionun geosiyasi tarazlığına təsir edə bilər. Analitiklər və siyasi şərhçilər görüşdən gözlənilən nəticələrin Ukrayna münaqişəsi, enerji təhlükəsizliyi və beynəlxalq sanksiyalar kontekstində əhəmiyyətini müzakirə edirlər. 
Bəs Putin və Tramp Ukrayna üçün hansı qərarı verəcək?
Politoloq Kazım Kazımov Budapeştdə planlaşdırılan Putin–Tramp görüşünün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, dünyada ən ciddi məsələlərdən biri olan Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkənin münaqişəsi deyil, həm də beynəlxalq sülhü, xüsusilə Şərqi Avropada təhlükəsizliyi təhdid edir:
 
“Hər iki liderin ən azından müzakirə aparması, fikirlərini bildirməsi və danışıqların davam etməsi müsbət haldır. Konkret nəticə əldə ediləcəyini düşünmürəm, amma əvvəlki Alyaska görüşündə ortaya çıxan məsələlərdə müəyyən irəliləyiş ola bilər. Tərəflər müzakirə apararaq konsensus saxlamağa və irəliyə doğru addımlar atmağa çalışacaqlar. Zelenski və ya Ukrayna hökumətinin hansı şərtləri qəbul edəcəyi isə əsasən onların qərarından asılıdır. Burada konsensus əsasdır. Rusiyada və Ukraynada bir daha belə qanlı müharibələrə yol verməmək üçün müəyyən addımlar atılmalıdır. Bu, qarşılıqlı prosesdir — sadəcə Zelenski ilə bağlı deyil, Putinin də addımlar atması vacibdir.
Vladimir Putin 2022-ci ildən etibarən beynəlxalq aləm tərəfindən demək olar ki, təcrid olunub. Hətta Bayden dönəmində onun ABŞ prezidenti ilə görüşmək imkanı olmayıb. Lakin D. Tramp hesab edir ki, Putinlə görüşü davam etdirmək sülh prosesinə xeyir verə bilər və buna görə də Rusiya prezidenti ilə görüşür. Bu görüş Putinin zədələnmiş qlobal imicini bərpa etmək və ABŞ kimi bir dövlətin rəhbəri ilə üzbəüz danışıqlar aparmaq imkanını yaratmaq baxımından əhəmiyyətlidir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər