Dünya
301
18 Oct 2025 | 23:12

"Trampın planı Ərdoğanı Qəzzanın mərkəzinə gətirib" - "The Times of İsrael"

"İsrail üçün "qorxulu kabus", Türkiyə üçün "tarixi fürsət"..."
 
İsrail mətbuatının narahat tonda verdiyi xəbərlərdən aydın görünür ki, Qəzzada başlanmış yeni diplomatik mərhələnin əsas qalibi Türkiyədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times of İsrael" nəşri yazıb.
 
Nəşr yazır ki, iki ilə yaxındır Ankaranın bölgəyə girişini hər vasitə ilə bloklayan İsrail indi fakt qarşısındadır: ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Türkiyə atəşkəs razılaşmasının aparıcı vasitəçisinə çevrilib və artıq Qəzzanin gələcəyinin qurulmasında rəsmi iştirakçıdır.
 
Şarm əl-Şeyxdə keçirilən sülh sammitində Ərdoğan Tramp, Qətər əmiri və Misir prezidentilə birlikdə sənədi imzalayıb. Ardınca Ankara 81 nəfərlik xilasedici qrupunu bölgəyə göndərməyə hazır olduğunu açıqlayıb və beynəlxalq missiyalara qoşulub. Bu, yalnız humanitar jest deyil, artıq Türkiyə Qəzzadə faktiki oyunçu kimi tanınır.
 
Ərdoğanın sərt ritorikası dəyişmir, İsrail geri çəkilməyə məcbur qalır
 
Ən narahatedici məqam İsrail üçün budur ki, Ərdoğan bu rolu "yumşalaraq" yox, əksinə, açıq anti-İsrail ritorikasını davam etdirərək qazanır. Binyamin Netanyahuya "Hitler" deyən, İsraili "qətliamçı" adlandıran Türkiyə lideri hələ də mövqeyini dəyişməyib. İddiaya görə, Netanyahu sammitə gəlsəydi, Ərdoğan görüşə qatılmaqdan imtina edəcəkdi. Bu, Ankaranın artıq diplomatik masada bərabər tərəf kimi diktə etdiyini göstərir.
 
İsrailli ekspertlər açıq etiraf edir: Ankara və Doha HƏMAS üzərində real təsirə malikdir - onlara sığınacaq, maliyyə və logistika dəstəyi verən məhz bu iki mərkəzdir. Bu səbəbdən Tramp İsraildən fərqli olaraq Ərdoğanla işləməyi daha effektiv hesab edir. Başqa sözlə, ABŞ Türkiyəni regionun açar aktoru kimi tanıyıb, İsrail isə istər-istəməz bu reallığa uyğunlaşmağa məcburdur.
 
İsrail üçün "qorxulu kabus", Türkiyə üçün "tarixi fürsət"
 
Təhlilçilər xəbərdarlıq edir: bu prosesin ikinci mərhələsi - Qəzzanın gələcək idarəçiliyi müəyyən ediləndə Ankara daha da irəli çıxacaq. Ərdoğan açıq şəkildə bildirir ki, lazım olsa, türk əsgəri Qəzzaya daxil ola bilər. İsrail ekspertləri bunu "qorxulu kabus" adlandırır, amma bunun qarşısını almaq üçün real alternativləri yoxdur.
 
HƏMAS-İran-Qətər-Türkiyə üçbucağı uzun müddət İsrailə qarşı işləyib, lakin indi həmin sistemin mərkəzi məhz Ankara olub. Əgər birinci mərhələdə - girovların azad edilməsində Türkiyənin iştirakı zəruri sayılıbsa, ikinci mərhələdə o, artıq qərarverici gücə çevrilir.
 
Nəticə açıqdır: İsrail mətbuatı üçün bu, "Türkiyənin yüksəlişi, İsrailin məğlubiyyəti" kimi görünür. Ərdoğan illərdir arzuladığı Qəzza rolunu nəhayət əldə edib, özü də güzəştə gedərək yox, dik duraraq. Regionda yeni balans yaranır və bu balansın mərkəzində indi Ankara dayanır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər