"Ukraynanın təcrübəsi Avropanın müdafiə modelinə çevrilir...
Avropa İttifaqı Rusiyadan gələn təhdidlərə qarşı özünü qorumaq üçün yeni müdafiə strategiyası hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Oktyabrın 16-da Avrokomissiya beş illik "yol xəritəsi"ni təsdiqləyib və ilk addım kimi 2025-ci ilin sonunadək dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroluq reparasiya krediti verilməsini planlaşdırır.
Bu vəsait həm Ukraynanın müdafiəsinə, həm də büdcə dəstəyinə yönəldiləcək. Beynəlxalq Valyuta Fondu Kiyevin 2026-cı il üçün 120 milyard dollarlıq hərbi ehtiyacını təsdiqləyib, əlavə olaraq 30 milyard dollara büdcə kəsirinin bağlanması üçün ehtiyac olduğunu açıqlayıb.
Brüsseldə vurğulanır ki, Ukraynaya yardım edilmədiyi halda, ölkənin çökməsi bütün Avropanın təhlükəsizliyini sarsıda bilər. Buna görə də Avropa liderləri Ukraynanı "ilk müdafiə xətti" hesab edir və onun təcrübəsini Avropanın ümumi təhlükəsizlik sistemi üçün əvəzolunmaz sayırlar.
Dronlara qarşı alyans və Ukraynanıb "polad kirpi" obrazı
Avropa İttifaqının növbəti böyük məqsədi 2027-ci ilin sonuna qədər dronlara qarşı yeni müdafiə sistemi qurmaqdır. Bu təşəbbüs Ukrayna ilə birlikdə həyata keçiriləcək. 2026-cı ildən "dron alyansı"nın fəaliyyətə başlaması nəzərdə tutulur. Avropa diplomatları Ukraynanın döyüş şəraitində sınaqdan çıxmış texnologiyasını dünya səviyyəsində hesab edir və onun innovasiyalarının ümumi təhlükəsizlik sisteminə inteqrasiyasını planlaşdırır.
Bununla yanaşı, 2028-ci ilə qədər Şərq cinahını əhatə edən geniş müşahidə və müdafiə proqramı hazırlanır: buraya hava hücumundan müdafiə, dron əleyhinə texnologiyalar, sərhəd nəzarəti, dəniz və quru təhlükəsizliyi daxil olacaq. Avropa liderlərinin ifadəsi ilə, məqsəd Ukraynanı "düşmən üçün udulmaz polad kirpi"yə - güclü ordu və müdafiə sənayesi ilə təchiz edilmiş dövlətə çevirməkdir.
2030-cu ilə qədər tam müdafiə qabiliyyəti və çoxtrilyonlu büdcə
Yeni "yol xəritəsi" yalnız Ukrayna ilə əməkdaşlığı deyil, həm də ümumi Avropa müdafiə sisteminin qurulmasını nəzərdə tutur. Brüssel 2030-cu ilə qədər Aİ ölkələrinin birgə şəkildə hər cür böhrana, o cümlədən yüksək intensivlikli müharibələrə cavab verə biləcək gücə sahib olmasını hədəfləyir.
Plan çərçivəsində doqquz əsas istiqamət seçilib: hava və raketdən müdafiə, artilleriya, kiber və elektron müharibə, süni intellekt, raket və sursat, hərbi mobillik, dron və dron əleyhinə sistemlər, quru və dəniz qüvvələri. Bu məqsədlərə çatmaq üçün Avropa 2035-ci ilə qədər 6,8 trilyon avro sərmayə qoymağı nəzərdə tutur. Bunun yarısı real müdafiə xərclərinə yönələcək. NATO hədəflərinə uyğun olaraq, Aİ ölkələri ÜDM-lərinin 5 faizini müdafiəyə ayırmalıdır.
Hal-hazırda bu göstərici hədəfin yarısı səviyyəsindədir, lakin 2030-a qədər tam müdafiə qabiliyyəti üçün daha sürətli addımlar atılmalıdır. Avrokomissiyanın sözlərinə görə, bu plan sadəcə strateji sənəd deyil, Avropa müdafiəsində "böyük partlayış" effekti yaradacaq dönüş nöqtəsidir.