Dünya
1440
18 Oct 2025 | 15:35

"Qan tökülməsinə son qoyun, hər iki tərəf qalib olsun, tarix qərar verər" - Tramp

"Tramp Zelenskiyə raket yox, siyasi razılaşma təklif edib..."

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə Vaşinqtonda gərgin görüşdən sonra ABŞ hərbi eskalasiyanı deyil, "dondurulmuş cəbhə xətti"ni əsas ssenari kimi irəli sürüb.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Zelenski Vaşinqtondan əliboş qayıdır

Vladimir Zelenski Vaşinqtona konkret məqsədlə - ABŞ-dan uzaqmənzilli "Tomahawk" raketlərinin alınması üçün siyasi razılıq əldə etmək üçün gəlmişdi. Hətta səfər öncəsi Ukrayna mətbuatı açıq şəkildə yazırdı ki, bu səfərin "yeganə uğur meyarı" məhz yeni silah paketidir. Lakin 2,5 saat davam edən görüşdə Donald Tramp daha fərqli mövqe sərgiləyib.

Mənbələrin dediyinə görə, Tramp səsini qaldırmasa da, ritorikası olduqca sərt olub. O, Zelenskiyə açıq şəkildə bildirib ki, belə raketlərin verilməsi hazırda Vaşinqton üçün risklidir və ABŞ bu addımı "diplomatik səylərə zərər vuracağı" üçün atmaq istəmir. Hətta əlavə edib ki, "Tomahawk"-lar bizə özümüzə də lazımdır".

Görüşdən sonra Zelenski mətbuat qarşısına çıxsa da, nəticələr barədə danışmaqdan yayınaraq yalnız bu cümlə ilə kifayətlənib: "Biz uzaqmənzilli raketləri müzakirə etdik, amma razılaşmaya gəlmədiyimiz üçün açıqlama verməyəcəyik". Bu isə əslində diplomatik dillə "əlimiz boşdur" deməkdir

Cəbhə xətti dayandığı yerdə qalsın

Tramp bu görüşlə təkcə silah verilməsini dayandırmayıb, həm də öz sülh modelini faktiki olaraq masaya qoyub. Onun əsas ideyası Ukraynada cəbhə xəttinin hazırkı vəziyyətdə "dondurulması" və atəşkəsin buna uyğun elan edilməsidir. Bu, əslində müharibənin bitməsi yox, "dayandırılması" deməkdir - Moskva hazırda nəyi tutubsa, orada qalır, Kiyev isə bunu qəbul etməyə məcbur edilir.

Tramp bununla bağlı sosial şəbəkədəki paylaşmasında emosional tonda yazaraq bildirib: "Qan tökülməyə son qoyun! Hər iki tərəf qalib olsun, dayandığı yerdə qalsın. Tarix qərar verər. Minlərlə insan ölür - bəsdir, evlərinizə qayıdın!"

Bəzi analitiklərə görə, Tramp bu ritorikası ilə həm Ukraynanı, həm Rusiyanı, həm də ABŞ ictimaiyyətini bir cümləlik formulla inandırmağa çalışır. Bu model həm iqtisadi yükdən yorulan amerikalılar üçün rahat görünür, həm də Putinə qalibiyyət kimi təqdim edilə bilər. Lakin bu ssenari Zelenski üçün son dərəcə ağır seçimdir, çünki o, belə olan halda indiyədək itirilən əraziləri faktiki olaraq qəbul etmiş olacaq.

Tramp təkcə Ukraynanı yox, bütün Qərbi düşündürür

Görüş bitən kimi Zelenski Avropa liderləri ilə təcili videokonfrans keçirib. İclasda bəzi Avropa paytaxtlarında açıq narahatlıq ifadə olunub. Böyük Britaniya baş naziri Kir Starmer Trampın Qəzza üçün hazırladığı 20 maddəlik sülh planının Ukraynaya uyğunlaşdırılmasını təklif edib. NATO baş katibi Mark Rütte isə Avropa təhlükəsizlik məsləhətçilərinin dərhal toplanması ideyasını irəli sürüb.

Bu reaksiya göstərir ki, Trampın diplomatik kurs dəyişikliyi yalnız Kiyevi çətin durumda qoymur, bu, həm də Avropanı konkret seçim qarşısında buraxır: ya Trampın sülh modelini dəstəkləmək, ya da öz resursları ilə Ukraynanı dəstəkləməyə davam etmək.

Başqa sözlə, Vaşinqton artıq "müharibənin xərcini" təkbaşına daşımaq istəmir və məsuliyyəti Avropanın üzərinə ötürməyə çalışır. Bu isə münaqişənin yeni mərhələyə keçdiyini göstərir - artıq tankların yox, təzyiq diplomatiyasının dövrü başlayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər