İran şirkətləri Gürcüstanda nə ilə məşğuldur? - VİDEO
Dünya
1842
17 Oct 2025 | 23:20

İran şirkətləri Gürcüstanda nə ilə məşğuldur? - VİDEO

"Təxminən 700 İran şirkəti Tbilisidəki Uznadze küçəsi, 111 ünvanında qeydiyyata alınıb, baxmayaraq ki, həmin ünvanda onların fiziki varlığının əlamətləri yoxdur. Cəmi 100 nəfərin yaşadığı Dunta kəndi təqribən 800 İran şirkətinin ünvanı olaraq göstərilir. Gürcüstanda ticarət, tikinti, nəqliyyat və sənaye sahələrində fəaliyyət göstərən minlərlə İran şirkəti var. Onların qeydiyyatının xüsusiyyətləri şübhəli iş fəaliyyəti ilə bağlı suallar doğurur".

"Azad İran" "YouTube" kanalı xəbər verir ki, bu faktlar "Azadlıq" radiosunun gürcü redaksiyasının bu günlərdə dərc etdiyi geniş araşdırma yazısında yer alıb.

Məqalə həmin radionun fars redaksiyası tərəfindən də müxtəsər şəkildə tərcümə olunaraq yayılıb. Araşdırmanın müəllifi ötən il "Azad media mükafatı"na layiq görülən ilk gürcü jurnalisti Nastasia Arabulidir.

Onun yazdığına görə, Gürcüstanda 13 minə yaxın İran müəssisəsi qeydiyyata alınıb. Onların bəzisi, eyni zamanda, bir neçə sektorda işləyir, bəzisinin isə Gürcüstanda yerinə yetirdiyi missiya ilə bağlı heç bir məlumat yoxdur. Müəllif qeyd edir ki, İran şirkətlərinin Gürcüstana marağı 2009-cu ildən başlayıb, 2012-2019-cu illərdə bu proses sürətlənib və hər il yüzlərlə yeni firma qeydiyyata alınıb.

"Bu, İranın ağır beynəlxalq sanksiyalar altında olduğu dövrdür", - deyə o əlavə edib.

Hələ 2013-cü ildə "Wall Street Journal" qəzeti sanksiyaların sərtləşməsi ilə İran iş adamlarının Gürcüstana böyük vəsaitlər qoymağa başladığından bəhs edən məqalə dərc edib. Məqalədə İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) bağlı 150-yə yaxın saxta şirkətin Gürcüstanda qeydiyyatdan keçirildiyi, onların bir tərəfdən, sanksiyalardan yayınmaq, digər tərəfdən də, ikili təyinatlı texnologiyaların idxalına nail olmaq istiqamətində fəaliyyət göstərdiyi narahatlıqla qeyd olunub.

 

Link kopyalandı!
Son xəbərlər