"Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərini partlatmaqda şübhəli bilinərək Almaniya hakimiyyəti tərəfindən axtarışa verilən və Polşada saxlanılan Ukrayna vətəndaşı Volodimir Juravlyov ekstradisiya edilməyəcək.
Bu barədə Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Polşa məhkəməsi Vladimir Juravlyovun Almaniyaya ekstradisiyasından imtina edib və onun dərhal azadlığa buraxılmasına qərar verib.
"Cümə günü (17 oktyabr) Varşava Dairə Məhkəməsi onun ekstradisiyasını rədd etdi və dərhal azadlığa buraxılmasına qərar verdi", - deyə bununla bağlı məlumatda bildirilib.
Qeyd edək ki, Vladimir Juravlyov Almaniyanın tələbi ilə sentyabrın 30-da Polşa paytaxtı yaxınlığındakı Pruskov şəhərində saxlanılıb. Oktyabrda məhkəmə onun barəsində 40 günlük həbs qərarı çıxarıb. Onun Almaniyaya ekstradisiyası gözlənilirdi. Polşanın Baş naziri Donald Tusk və ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamış ukraynalının ekstradisiyasına qarşı çıxıblar.
Xatırladaq ki, "Şimal axını" boru kəməri 2022-ci il sentyabrın 26-da partladılıb. Araşdırma Almaniya tərəfindən aparılır. Əsas versiyaya görə, bir neçə şəxs saxta sənədlərlə "Andromeda" yaxtasını icarəyə götürüb və dərin dəniz avadanlıqlarından istifadə edərək qaz kəmərlərinə partlayıcı qurğular yerləşdirib. Almaniya Baş Prokurorluğu dayvinq təlimatçısı işləyən Vladimir Juravlyovun "Andromeda"nın göyərtəsində olduğunu iddia edib.
Almaniya Federal Prokurorluğunun məlumatına görə, təxribat qrupu Rostokdan "Andromeda" yaxtası ilə Baltik dənizində cinayət yerinə gələn kapitan, koordinator, partlayıcı maddələr üzrə ekspert və dörd dalğıcdan ibarət olub.