"Budapeşt görüşü Viktor Orban üçün siyasi zəfər, Avropa İttifaqı üçün isə açıq-aşkar rüsvayçılıqdır..."
Donald Tramp və Vladimir Putinin Budapeştdə "Ukrayna məsələsini müzakirə etmək" adı ilə görüşəcəkləri barədə məlumat Avropada qəzəb dalğası yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, Brüssel bu görüşü açıq-aşkar "təhqir" kimi qəbul edir, amma Macarıstan baş naziri Viktor Orban üçün bu, illərlə gözlədiyi siyasi revanşdır.
Orban "qaymaqla bəslənmiş pişik"dir
Proqnozlara görə, ABŞ və Rusiya liderlərinin danışıqları məhz o ölkədə keçiriləcək ki, bu dövlət uzun müddətdir Avropa İttifaqının Ukrayna ilə bağlı qərarlarını bloklayır və Kremlin siyasətinə açıq dəstək verir. "The Telegraph" yazır ki, Viktor Orban özünü indi "qaymağa qovuşmuş pişik kimi xoşbəxt" hiss edir.
Orban illərdir Kiyevlə mübahisə edir, Rusiya işğalına görə tətbiq edilən sanksiyalara qarşı çıxır, hətta Ukraynanın Avropa İttifaqına üzvlüyünə veto qoymaqla hədələyib. O, hələ Trampın ilk prezidentlik dövründə ona açıq dəstək verən yeganə Avropa lideri olub və MAGA hərəkatının Avropadakı əsas tərəfdarına çevrilib.
Tramp da simpatiyasını gizlətmir - Misirdə keçirilən sammitdə o, Orbanı "fantastik lider" adlandırıb. Hətta ABŞ-a qayıtdıqdan sonra bəzi siyasi təşəbbüslərdə, xüsusilə gender məsələlərinə dair sərt qanunvericilikdə Macarıstan modelindən ilhamlandığı bildirilir.
Putinin "təhlükəsiz limanı"
Avropa üçün ən böyük problem təkcə Orbanın siyasi qazancı deyil. Budapeşt bu il Beynəlxalq Cinayət Məhkəməsindən çıxaraq Putinin həbs orderini tanımadığını elan edib. Bu isə o deməkdir ki, Rusiya lideri burada heç bir risk olmadan peyda ola bilər.
Brüsseldə belə hesab edirlər ki, bu görüş Avropa İttifaqının sülh təşəbbüslərini tam kənara atmaq anlamına gəlir. Analitiklərin fikrincə, Budapeştin seçilməsi həm Trampın Orban qarşısında minnətdarlıq jestidir, həm də bütün dünyaya "Brüsselsiz də yeni siyasi nizam qurmaq mümkündür" mesajıdır.
Kiyevdə və Avropada narahatlıq artır
Tramp dünən Putinin Budapeştə səfərinə razılıq verdiyini açıqlayıb və görüşün qarşıdakı iki həftə ərzində baş tuta biləcəyini deyib. Amma nə Ukrayna prezidenti Vladimir Zelenski, nə də ABŞ-ın Avropadakı müttəfiqləri bu xəbəri əvvəlcədən bilməyib.
Ekspert Selesta Vallander xəbərdarlıq edir: əgər görüş konkret nəticə vermədən bitsə, Putin bu situasiyanı dünyaya "bütün prosesə nəzarət edən tərəf" kimi təqdim edəcək.
Beləliklə, Budapeşt sammiti sadəcə diplomatik hadisə deyil, bu, Orban üçün siyasi mükafat, Avropa üçün isə acı bir sınaqdır. Tramp və Putinin görüşü hələ baş tutmayıb, amma artıq Avropanın sinirlərinə toxunmağı bacarıb.