"Türkiyə həm xilasedici rol oynayır, həm də bölgədə siyasi nüfuzunu möhkəmləndirir..."
İsrail uzun müddətdir gərgin münasibətlərdə olduğu Türkiyəyə Qəzzaya xilasedici qruplar göndərməyə icazə verib.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşti yazıb.
Xilasetmə əməliyyatı sadəcə humanitar jest deyil
Nəşr yazır ki, bu qərar ABŞ prezidenti Donald Trampın irəli sürdüyü yeni sülh planının tərkib hissəsidir. Ankara ilk mərhələdə dağıntılar altında qalan israilli girovların qalıqlarını tapmaq üçün müraciət edib, lakin indi missiya həm də fələstinli mülki vətəndaşların cəsədlərinin axtarışını əhatə edir.
ABŞ rəsmiləri bildirir ki, Qəzzada dağıntıların miqyası 11 sentyabr faciəsindən sonra Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin məhv olduğu ərazidən bir neçə dəfə böyükdür. Yerdə qalan beton qarışıqlarının altında həm partlamayan mərmilər, həm də çoxlu insan cəsədi olduğu güman edilir. Bu səbəbdən axtarış prosesi uzun və təhlükəli olacaq və Türkiyənin təcrübəli AFAD komandaları bu işdə əsas yükü öz üzərinə götürür.
"Bu, bizim bir vicdan məsələsidir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu missiyanı sadəcə yardımla deyil, dini rəmz kimi təqdim edir. Onun "Qəzzadakı bacı-qardaşlarımızın yaralarını sağaltmaq üçün gedirik" deməsi çox mühüm mesajdır. Bu, Türkiyənin yalnız region lideri kimi deyil, həm də müsəlman dünyasının qoruyucusu olduğunu göstərir.
Türkiyə həm vasitəçi, həm icraçı rolundadır
Misirin Şarm əş-Şeyx şəhərində keçirilən atəşkəs danışıqlarında İsrail, ABŞ, Qətər, Misir və Türkiyə birgə beynəlxalq axtarış qrupu yaradıb. Bu struktur həm tərəflər arasında minimal etimadın bərpa edilməsi baxımından mühüm addımdır. Ankara indi həm əməli fəaliyyətdə, həm diplomatik masadadır və həm də informasiya məkanına dominant mesajlar ötürür.
Yardım gəmiləri davamlı mövcudluğun rəmzidir
Qəzzaya yola salınan 17-ci "Xeyirxahlıq gəmisi" yalnız yük daşıyıcısı deyil, bu, Türkiyənin bölgədə uzunmüddətli iştirakının göstəricisidir. Gəmidə 900 ton ərzaq, tibbi ləvazimat və körpələr üçün qida məhsulları var. Maraqlıdır ki, bu yük təkcə dövlət qurumları deyil, 17 müxtəlif vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə hazırlanıb.
2023-cü ildən bəri Qəzzaya 14 təyyarə və 16 gəmi göndərən Türkiyə indi bu humanitar dəhlizi rəsmən daimi etməyə çalışır. Əgər proses bu şəkildə davam edərsə, Ankara həm logistik, həm tibbi, həm də psixoloji dəstək infrastrukturunun əsas idarəedicisinə çevrilə bilər.