"Dialoq yalnız ləyaqət və bərabərlik əsasında mümkündür..."
ABŞ-la danışıqlar mümkün olsa da, bu, heç vaxt təslimçilik və diktə formasında olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə İranın ali lideri Əli Xameneinin baş müşaviri, Strateji Şuranın rəhbəri Kamal Xərazi bir daha açıq şəkildə bəyan edib.
"Bu, dialoq deyil, diktədir"
Xərazinin sözlərinə görə, Donald Tramp dünyaya öz iradəsini sırımağa çalışan güc siyasəti yürüdür və bunu "danışıqlar" kimi təqdim edir, əslində isə bu, məcburetmədir. Xərazi bildirib ki, Vaşinqton əvvəlcədən nəticəni müəyyənləşdirərək İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edir. Bu isə "müzakirə yox, şərt diktə etməkdir".
Onun fikrincə, ABŞ danışıqları yalnız İranın gücünü məhdudlaşdırmaq üçün vasitə kimi istifadə edir və belə format Tehran üçün qəbuledilməzdir. Buna baxmayaraq, İran bir neçə dəfə dolayı danışıqlara razılıq verib - məqsəd Qərbin "Tehran dialoqdan qaçır" təbliğatını neytrallaşdırmaq olub. Xərazinin dediyinə görə, bu raundlarda heç bir milli marağa zidd razılaşma əldə edilməyib və İran "qürurunu qoruyaraq" prosesdən çıxıb.
"Mümkündür, amma yalnız məntiqə və qarşılıqlı hörmətə əsaslanan formatda"
Xərazi vurğulayır ki, Tehran dialoqa açıqdır, amma yalnız o halda ki, danışıqlar ləyaqət prinsipi üzərində qurulsun və heç bir tərəf digərinə öz şərtlərini zorla qəbul etdirməyə çalışmasın.
Onun sözlərinə görə, İran üç əsas prinsipdən imtina etməyəcək: dövlət ləyaqəti və siyasi müstəqillik, uranın zənginləşdirmə hüququnun tanınması, müdafiə və "müqavimət oxu"na dəstək imkanlarının məhdudlaşdırılmaması.
Xərazi əlavə edib ki, İrana qarşı sanksiyaların yenidən aktivləşdirilməsi ("snapback") Avropanın da bir tərəf kimi etibarsızlığını göstərib və artıq "Britaniya, Fransa və Almaniya ilə danışacaq ciddi mövzu qalmayıb".
"Qərb bizim dini prinsipləri anlamır"
İranlı rəsminin sözlərinə görə, Qərb ölkələri nüvə silahı iddialarını dini mədəniyyəti anlamadan irəli sürür. Halbuki Xamenei rəsmi fətva ilə nüvə silahının əldə edilməsini haram elan edib. "Onlar düşünür ki, biz gələcəkdə fikrimizi dəyişə bilərik, çünki özləri dini prinsiplərin siyasətdə rolunu təsəvvür edə bilmirlər".
"Enerji müstəqilliyi strateji məqsəddir"
Xərazi hesab edir ki, İrana qarşı nüvə iddiaları yalnız siyasi təzyiq alətidir. Əslində isə hər bir ölkə atom elektrik stansiyası qurursa, eyni zamanda yanacaq istehsal edə bilməlidir, əks halda xarici təchizatdan asılı qalacaq. İranın uzunmüddətli hədəfi 20 min meqavatlıq nüvə enerjisi istehsalıdır və buna görə uranın zənginləşdirilməsi "imtinaya gəlməyən strateji hüquq"dur.
Tehran Vaşinqtona mesajını qəti şəkildə verir - İranla dialoq mümkündür, lakin yalnız bərabər tərəflər kimi. Trampın "əmrləri qəbul edin, əks halda sanksiya və təhdidlər: yanaşması işləmir. İran öz mövqeyini "məntiqli, amma sarsılmaz" kimi təsvir edir: "Biz danışmağa hazırıq, amma heç vaxt boyun əyməyəcəyik".