Qida sənayesinin nəhəngi “Nestlé” 2027-ci ilin sonunadək 16 000 iş yerini ixtisar edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu qərar Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) həmkarlar ittifaqı tərəfindən sərt tənqid olunub.
“Nestlé”də CFDT-nin federal katibi və həmkarlar ittifaqının koordinatoru Kristof Kofman “franceinfo”ya açıqlamasında bu addımı “dramatik” adlandırıb.
“Nestlé”nin səhmləri zəifləyib, ciddi itkilər var. Səhmdarlara yenidən inam aşılamaq istəyirlər. Təəssüf ki, bugünkü dünyada səhmdarları sakitləşdirməyin ən effektiv yolu işçilərin ixtisarıdır”, – deyə Kofman bildirib.
Məlumata görə, ixtisarların təxminən 12 mini idarəçi və ofis işçilərini, 4 mini isə istehsalat sahəsində çalışanları əhatə edəcək.
CFDT nümayəndəsi əməkdaşları səssiz qalmamağa, sayıq və fəal olmağa çağırıb. Həmkarlar ittifaqı “Nestlé” rəhbərliyinin bu qərarına qarşı səfərbərlik və təzyiq vasitələri ilə cavab verəcəyini bəyan edib.
Mütəxəssislər yaxın aylarda şirkətdə çətin və gərgin sosial dialoqların baş verəcəyini proqnozlaşdırırlar.