"Sülh hələ uzaqdadır, Rusiya iqtisadiyyatı sarsılır, Ukrayna artıq öz gücü ilə vurur..."
Kiyevdə keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edən Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanov açıq şəkildə bəyan edib ki, ölkə yaxın illərdə tam sülhə qayıda bilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
Qeyd edilir ki, Budanov cəmiyyətə çağırış edib: "Əmin-amanlıq, təhlükəsiz, qayğısız həyat gözləməyin. Bu, uzun illər boyu mümkün olmayacaq. Biz istirahət etmədən də yaşamağı, hər an müqavimətə hazır vəziyyətdə olmağı öyrənməliyik". Budanovun bu çıxışı Ukraynada müharibənin artıq müvəqqəti faza deyil, uzunmüddətli reallıq kimi qəbuluna işarədir.
"Rusiya iqtisadi çətinliklər yaşayır, amma strateji kursunu dəyişməyib"
Budanov Rusiyanın ciddi iqtisadi və maliyyə çətinlikləri yaşadığını təsdiqləyib, lakin vurğulayıb ki, bu problemlər hələ Kremlin strateji baxışını dəyişdirəcək səviyyədə deyil. O, qeyd edib ki, heç bir iqtisadiyyat uzunmüddətli müharibəyə dözə bilməz, amma Moskvanın durumunun hələ "kritik" mərhələyə çatmadığını söyləyib.
Eyni zamanda Budanov diqqəti Ukraynanın pilotsuz aparat və digər asimmetrik əməliyyatlarının təsirinə çəkib. Onun sözlərinə görə, bu hücumlar beynəlxalq sanksiyalardan daha böyük zərbə vurub. Bu fikir həm də Qərbə dolayısı ilə ünvanlanmış mesajdır: sanksiyalar yetərli deyil, real təsir üçün əməliyyatlara daha çox dəstək lazımdır.
"99 faiz vasitələrimiz özümüzündür"
Budanov bildirib ki, Rusiyaya endirilən zərbələrin təxminən 99 faizi Ukraynanın öz istehsalı olan vasitələrlə həyata keçirilir. Keçmişdə tərəfdaşların silahlarına qoyulan məhdudiyyətlər Ukraynanı müəyyən mənada "bir əlli döyüşmək" məcburiyyətində qoyurdu. İndi isə milli istehsalın artması Kiyevə manevr və öz strategiyasını tətbiq etmə imkanı verib.
Bu həm hərbi, həm də siyasi məna daşıyır: Ukrayna tədricən "kömək alan" ölkə obrazından "öz silah sənayesini yaradan" ölkəyə çevrilir. Budanov həmçinin etiraf edib ki, daha çox resurs və texnika hər zaman arzuolunandır, lakin hazırki istehsal və resurslar Ukraynanın əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Yeni hədəf xətti və Saratova zərbələr
Son aylarda Rusiyanın neft emalı və enerji obyektlərinə qarşı ardıcıl zərbələr qeyd edilir: Feodosiya terminalı, Ufa ətrafındakı zavod, Volqoqrad bölgəsində elektrik və enerji infrastrukturuna zərbələr və nəhayət, Saratov Neft Emalı Zavodunun 16 oktyabr gecəsi vurulub. Saratov neft emalı zavodu bir ay öncə də partlayış və yanğınla üzləşib. Hazırkı zərbə onun strateji əhəmiyyətini və sistemli hücum doktrinasını göstərir.
Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi açıqlamasında bu cür asimmetrik əməliyyatların "düşməni dayandırmaq üçün" davam edəcəyi bildirilir. Məqsəd Rusiya üçün gəlir mənbəyi olan neft və emal infrastrukturunu sıradan çıxarmaq, beləliklə müharibənin maliyyələşdirilməsinə zərbə vurmaqdır.
Xarici tərəfdaşlara dolayı mesaj
Budanovun mesajı eyni zamanda xarici auditoriyaya yönəlmiş xəbərdarlıqdır. O demək istəyir: Sülh yaxın gələcəkdə real deyil, buna görə də daxili siyasət, iqtisadi planlama və müdafiə strategiyaları buna uyğunlaşdırılmalıdır.
Rusiya zəifləyir, amma hələ "diz çökməyib", sistemli və davamlı zərbələr onun stratejiyasını sarsıda bilər. Ukrayna artıq yalnız müdafiəçi deyil, hücum qabiliyyətinə malik və bu qabiliyyəti istifadə edən tərəfə çevrilib.
Əsas sual budur: Qərb bu "uzun oyun" üçün resurs, siyasi iradə və strategiya ilə Ukraynaya dəstək göstərəcəkmi? Budanovun çıxışı onu göstərir ki, Ukrayna öz strategiyasını müəyyən edib, indi növbə beynəlxalq tərəfdaşlardadır.