"Biz əvvəlcə Rusiyanı bitirməliyik..."
Kiyevin Vaşinqtonla münasibətləri istiləşir, Zelenski və Tramp arasında gözlənilməz yaxınlaşma sezilir. Ukraynada artıq açıq şəkildə deyirlər: bu gün Donald Tramp Kiyevə fevral ayında olduğundan qat-qat xoş gəlir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr yazır ki,ABŞ prezidentinin davranışındakı dəyişiklik Kiyevdə qeyri-rəsmi şəkildə "bir otaqda yalnız bir gəlin ola bilər" prinsipi ilə izah olunur, yəni diqqət mərkəzində ancaq Tramp olmalıdır və Zelenski bu reallığı qəbul edib. Nəşrin yazdığına görə, məhz bundan sonra Ukrayna rəhbərliyində yeni bir özünəinam yaranıb.
Moskvanın hava zərbələri fonunda artan nikbinlik
Rusiyanın enerji infrastrukturuna davam edən ağır hücumlarına baxmayaraq, Kiyevdə nikbin əhval-ruhiyyə hökm sürür. Hakimiyyət hesab edir ki, gələn ilin yaz-yay aylarında Vladimir Putin danışıqlara hazır ola bilər. Parlamentin qapalı iclasında Zelenski bildirib ki, Rusiyanın şərqdəki fəallaşması bəlkə də son böyük hücumudur. Daha bir sərt qışı keçmək lazım olsa da, sülh üçün real imkan formalaşır.
Prezidentin fikrincə, Moskvanın sülh masasına gəlməsi üçün ona həm iqtisadi, həm də hərbi təzyiq artırılmalıdır ki, Putin başa düşsün: müharibəni davam etdirmək ona heç nə qazandırmayacaq. Qəzzada sükut rejiminə nail olduqdan sonra Tramp Ukraynada da atəşkəsi təmin edib öz siyasi bioqrafiyasına yeni "nişanə" əlavə etmək istəyir.
Bu məqsədlə Kiyevin yüksək səviyyəli nümayəndə heyəti - Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və baş nazir Yuliya Sviridenko Vaşinqtonda görüşlər keçirərək Putinin danışıqlara həvəsindən necə istifadə etməyi və qış hücumlarına necə tab gətirməyi müzakirə ediblər. Zelenskinin cümə günü Ağ Evə gedəcəyi gözlənilir və Kiyev bu səfərdən dönüş nöqtəsi umur.
"Əvvəlcə Rusiyanı bitirməliyik"
Tramp İsrail parlamenti qarşısında çıxışında açıq deyib: "Əvvəlcə Rusiyanı bitirməliyik". Bu, onun ritorikasında ciddi ton dəyişikliyidir - keçən ay o, ilk dəfə Rusiyanı açıq şəkildə "təcavüzkar" adlandırıb.
Zelenski və Tramp arasında yaxınlaşma hələ fevral və avqust aylarında, o cümlədən Alyaskada Putinin iştirakı ilə keçirilən və Qərbdə narazılığa səbəb olan mübahisəli görüşdən sonra başlayıb. O zaman Trampın Putinə alqış vurması Kiyevdə və Avropada narahatlıqla qarşılanıb, lakin indi vəziyyət dəyişib.
Britaniya baş naziri Kir Starmerin və kral Çarlzın da fəal diplomatik səyləri sayəsində Tramp Ukraynaya daha pozitiv yanaşmağa başlayıb. BMT Baş Assambleyasında o, Zelenskini "cəsur insan" adlandırıb və Ukraynanın itirilmiş əraziləri qaytara biləcəyini deyib.
Vaşinqton həmçinin Ukrayna ordusuna kəşfiyyat məlumatlarının paylaşılmasını intensivləşdirib ki, Rusiya energetika obyektlərinə dəqiq zərbələr endirilə bilsin. "Tomahawk" qanadlı raketlərinin Ukraynaya verilməsi ilə bağlı müzakirələr hələ risklərə görə yekunlaşmasa da, Kremlin ehtiyatlanması üçün kifayət qədər siqnaldır.
Ukrayna rəsmiləri etiraf edir ki, Trampın davranışı hələ də proqnozlaşdırılması çətin ola bilər. Amma bir fikir artıq Vaşinqtonla Kiyevin danışıqlarında tez-tez səslənir: hazırkı Tramp fevraldakı Trampla müqayisədə xeyli etibarlı tərəfdaşdır.
Trampın ən son Ukrayna planları
ABŞ prezidenti Çinə qarşı yeni tariflər hesabına formalaşdırılacaq "Ukraynanın Qələbə Fondu" üzərində işləyir. Bu fondu Avropa ilə koordinasiya etmək üçün maliyyə naziri Skott Bessentə təlimat verib. Müdafiə naziri Hegset isə açıq şəkildə xəbərdarlıq edib: Rusiya müharibəni dayandırmasa, ABŞ onu "çox baha başa gələcək" addımlarla cəzalandıracaq.
Tramp Zelenski ilə gözlənilən görüşdən əvvəl bildirib ki, "Ukrayna yaxın zamanda əks-hücum əməliyyatına başlayacaq". Belə görünür ki, Zelenski və komandasının aylarla apardığı səbrli diplomatik oyun öz bəhrəsini verir. İndi Kiyev üçün əsas məsələ Trampın bu yeni münasibətini konkret hərbi və siyasi qərarlara çevirməkdir.