Dünya
385
17:47, Bu gün

"Tramp Çin rüsumları ilə Putini masaya oturtmaq niyyətindədir" - "The Telegraph"

"ABŞ prezidenti "Ukraynanın qələbə fondu"nu yaradır, Hindistan və Çini isə Moskvanı tərk etməyə məcbur etmək istəyir..."

Vaşinqton Ukrayna müharibəsini bitirmək üçün klassik diplomatiyadan yox, iqtisadi məcburetmədən istifadə etməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna üçün "Qələbə fondu" yaratmaq planı üzərində işləyir. Bu fond dövlət büdcəsindən yox, Çindən idxala tətbiq olunacaq 500 faizlik rüsumlarla formalaşdırılacaq. Pul isə birbaşa Ukrayna ordusunun silahlanmasına yönəldiləcək. Lakin Tramp açıq mesaj verir: Avropa bu prosesə qoşulmasa, plan işə düşməyəcək.

Bu, həm Rusiyaya, həm də Çinə qarşı eyni anda tətbiq olunan təzyiq strategiyasıdır. Kreml uzun müddətdir döyüş iqtisadiyyatını Çin üzərindən ayaqda saxlayır. Pekin Rusiya neftini alırsa, müharibə davam edir. Tramp isə bu xətti kəsmək üçün həm tarif, həm də siyasi təcrid formasında "zorən sülh" modeli qurur.

"Ukrayna hücum əməliyyatına keçmək istəyir"

Oktyabrın 17-də Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər. Tramp açıq deyib ki, Kiyev artıq hücum əməliyyatına keçmək istəyir və bu qərar ABŞ tərəfindən təsdiqlənməlidir. Eyni zamanda o, Putinə də çağırış edib: "Ukraynalıları da, rusları da öldürməyi dayandır".

Ukraynanın müdafiə naziri isə NATO görüşündə bəyan edib ki, ölkə 2026-cı ilə qədər döyüşü davam etdirmək üçün 120 milyard dollara ehtiyac duyur. Avropa uzaqmənzilli "Tomahawk" raketlərinin verilməsini dəstəkləyir, amma yenə son söz Tramın olacaq 

Hindistan və Çin də təzyiq masasındadır

Tramp iddia edir ki, Hindistanın baş naziri Narendra Modi Rusiya neftindən imtina etməyə razılaşıb. O, növbəti addımda Çini də eyni mövqeyə məcbur edəcəyini deyir. Yəni Vaşinqton artıq sadəcə Ukraynaya silah verməkdən yox,  Rusiyanın "yanacaq mənbələrini" kəsməkdən danışır.

Tramp status-kvonu dondurmaq istəmir. O, ya Putini masaya məcbur etmək, ya da onun iqtisadi dayaqlarını çökdürmək istəyir. Bu plan yalnız Avropa tərəddüd etməsə uğurlu ola bilər.

Link kopyalandı!
Son xəbərlər