Dünya
929
15 Oct 2025 | 20:57

"Suriya və Rusiya: Hegemonluqdan bərabərlik və strateji tərəfdaşlığa doğru" - SANA agentliyi

"Əhməd aş-Şaraanın Moskvaya səfəri iki ölkə arasında yeni əməkdaşlıq dövrünü açır..."

Suriya prezidenti Əhməd aş-Şaraа 2024-cü ilin dekabrında hakimiyyətə gələndən sonra ilk rəsmi səfərini oktyabrın 15-də Rusiyaya edib.

Moderator.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bu səfər zamanı o, Kremlin qonağı olaraq prezident Vladimir Putinlə görüşüb və iki ölkə arasında yeni strateji tərəfdaşlığın əsaslarını müzakirə edib. Səfər həm də Suriyanın yenu hökumətinin beynəlxalq nüfuzunu möhkəmləndirməyə yönəlmiş diplomatik turun bir hissəsi kimi qiymətləndirilir.

Əlaqələrin tarixi və yeni yanaşma

"Al-Thawra" qəzetinə görə, Suriya və Rusiya münasibətləri son səkkiz onillikdə bir neçə mühüm mərhələni keçib. Keçmiş Sovet İttifaqı Suriya xalqının müstəqillik uğrunda mübarizəsinə dəstək verib, iqtisadi və hərbi texniki yardım göstərib. Əsəd rejiminin devrilməsindən sonra isə Dəməşq və Moskva arasındakı münasibətlər tamamilə yeni prinsiplər əsasında - bərabərlik və qarşılıqlı fayda üzərində qurulmağa başlayıb.

Bu çərçivədə Şaraanın Moskva səfəri həm də hər iki ölkənin qarşılıqlı maraqlarını əks etdirir. Suriya prezidenti vurğulayıb ki, Dəməşq bütün əvvəlki razılaşmaları yerinə yetirəcək və Moskva ilə əməkdaşlıq yeni Suriya üçün strateji əhəmiyyət daşıyır.

Hərbi və diplomatik əməkdaşlıq

Səfər zamanı iki lider Rusiya hərbi obyektlərinin - Latakiya yaxınlığındakı "Xmeymim" hava bazası və "Tartus" dəniz bazasının gələcək statusunu müzakirə ediblər. Şaraа Rusiyanın Suriyada hərbi mövcudluğunun strateji üstünlüklərini vurğulayıb: bu, xarici təhdidlərdən qorunmaq, regional danışıqlarda təsir vasitəsi və Suriya ordusunun hazırkı rus texnologiyasına əsaslanan gücünü dəstəkləmək imkanını verir.

Əhməd aş-Şaraа həmçinin qeyd edib ki, yeni Suriya hökuməti Moskva ilə əməkdaşlığı davam etdirəcək, lakin bu, onun Qərblə və ABŞ-la münasibətlərinə mane olmayacaq. Diplomatik görüşlər çərçivəsində Suriya və Rusiya prezidentləri regional və beynəlxalq məsələləri, o cümlədən iki ölkənin maraqlarına uyğun əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Əsədin taleyi və regional balans

Məlumata görə, keçmiş prezident Bəşər Əsəd hazırda Moskvadadır və Şaraа onun Dəməşqə ekstradisiyasını rəsmi şəkildə tələb etməyi planlaşdırır. 2015-ci ildən Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi ölkədəki hərbi balansı dəyişib və Əsəd hakimiyyətinin devrilməsinə qədər kritik rol oynayıb.

Strateji tərəfdaşlıq və sabitliyin qorunması

Ekspertlər bildirir ki, Suriya üçün Rusiya ilə əməkdaşlıq strateji seçimdir: İsrailin təhdidləri, regional gərginlik və daxili münaqişələr Moskvanın vasitəçilik imkanlarını aktuallaşdırır. Bu əməkdaşlıq həm də Suriyanın beynəlxalq mövqeyini gücləndirməyə, iqtisadiyyatını bərpa etməyə və təhlükəsizliyini təmin etməyə xidmət edir.

Sonda Şaraа səfərin əsas məqsədini belə ifadə edib: "Suriya bu gün Rusiya və Çinlə strateji maraqlar əsasında sakit münasibətlər qurub və yeni hökumət bu ölkələrdən müsbət siqnallar alıb. Məqsədimiz uzunmüddətli, praktik və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq yaratmaqdır". Bu səfər regionda sabitliyin qorunması və Suriya-Rusiya tərəfdaşlığının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər