"Əgər Tramp Ukraynada sülh istəyirsə, "xarizma" yox, güc tətbiq etməyə hazır olduğunu göstərməlidir..."
Donald Tramp Qəzza böhranında elan etdiyi "sülh sazişi"nin eyforiyasından hələ çıxmamış, artıq növbəti hədəfi açıqlayıb, bu, Ukraynada müharibəni bitirməkdir. O, Knessetdəki çıxışında bunu özünün "daha böyük məqsədi" kimi təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Lakin CNN-in beynəlxalq təhlükəsizlik üzrə tanınmış şərhçisi Nik Paton Uolş xəbərdarlıq edir: Tramp Qəzzadakı modeli Ukraynada tətbiq edə bilməz, çünki Putin nə Benyamin Netanyahu, nə də Vaşinqtondan asılı olan başqa bir liderdir. İsrail ABŞ-ın hərbi dəstəyindən asılı olub, Rusiya isə Çinə söykənir və beynəlxalq aləmdə tam təcrid olunmayıb.
Uolş yazır ki, Tramp artıq Putinə qarşı bütün "zərif vasitələri" - diplomatik jestlər, şəxsi yaxınlıq nümayişi, iqtisadi güzəştləri sınayıb. Heç biri nəticə verməyib. Əksinə, Kreml indi rəsmi şəkildə bildirir ki, danışıqlar "sərt pauzada"dır. Putin hətta bir dəfə Alyaskadakı görüşdən Trampı "boş əllə" yola salıb və fürsət düşsə, bunu yenidən təkrarlayacaq. Buna görə CNN yazarı açıq deyir: əgər Tramp Ukraynada sülh istəyirsə, "xarizma" yox, güc tətbiq etməyə hazır olduğunu göstərməlidir.
Yalnız Moskvaya yox, onu maliyyələşdirənlərə də təzyiq göstərilməlidir
Eyni günlərdə Vaşinqtonda başqa bir strateji mesaj da səslənib. ABŞ-ın yeni maliyyə naziri Skott Bessent Ukrayna baş naziri Yuliya Sviridenko ilə görüşdə bildirib ki, Amerika artıq yalnız Rusiyanı deyil, onun nefti ilə pul qazanan bütün ölkələri təzyiq altına almağa hazırlaşır. Yəni söhbət klassik sanksiyalardan yox, ikincil sanksiyalar dalğasından - Rusiya ilə dolayısı əlaqəsi olan dövlətlərin də hədəfə alınmasından gedir.
Sviridenko bu xətti tam dəstəkləyib və deyib ki, enerji, infrastruktur və kritik xammal sahəsində yeni Amerika-Ukrayna layihələri artıq işə düşür. Onun sözlərinə görə, Rusiyanın qazanc kanalları bağlanmadan sülhdən danışmaq mənasızdır. Bu, həm də Avropa üçün enerji təhlükəsizliyi məsələsidir.
Sonda ortaya çıxan tək sual budur: Tramp həqiqətən buna gedəcəkmi?
Beləliklə, həm CNN analitikləri, həm də ABŞ administrasiyası eyni şeyi deyir: Putinlə masa arxasında xoş dillə danışmaq mümkün deyil. Bu, ya iqtisadi boğulma, ya da güc balansının real şəkildə dəyişdirilməsi ilə həll oluna bilər. Tramp buna getməyə hazırdırmı?
Bunu nə onun çıxışları, nə də indiyə qədərki təcrübəsi tam sübut etmir. Amma Qəzzadakı razılaşmadan sonra gözlər indi onun üzərinə dikilib. O, həqiqətən ikinci "sülh qələbəsi" qazanmaq istəyirsə, bu dəfə qarşısındakı şəxsin Netanyahu yox, Putin olduğunu unutmamalıdır.