Dünya
223
16:25, Bu gün

"Rusiya Ukraynanın həyati əhəmiyyətli infrastrukturuna yeni zərbə endirib" - "Azadlıq Radiosu"

"Enerji sistemi sıradan çıxarılır, dəmir yolu isə xüsusi hədəfə çevrilir..."

Rusiya müharibənin gedişatını dəyişmək üçün cəbhədə uğursuzluqlarını infrastruktur terroru ilə kompensasiya etməyə çalışır.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb. 

Nəşr qeyd edir ki, son günlər Ukraynanın enerji və nəqliyyat şəbəkəsinə intensiv zərbələr bunun ən bariz nümunəsidir.

Enerji sistemi təzyiq altında

Oktyabrın 15-nə keçən gecə Rusiyanın pilotsuz aparatlarla həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın yeddi vilayətində - Sumı, Xarkov, Poltava, Dnepropetrovsk, Kirovoqrad, Çerkası və Zaporojyedə işıq kəsintiləri tətbiq olunub. Həm əhali, həm də sənaye müəssisələri müvəqqəti olaraq elektrikdən məhrum olub.

Fövqəladə kəsintilər hazırda ləğv edilsə də, xüsusilə Çerniqov vilayətində vəziyyət sabitləşmir - burada artıq bir neçə həftədir ki, saatlı-qrafikli elektrik verilişi rejimi tətbiq edilir. Energetika Nazirliyi xəbərdarlıq edir: bu, bölgənin enerji infrastrukturuna qarşı sistemli hücumların nəticəsidir və bərpa işləri hələ də davam edir.

Dəmir yolu  yeni əsas hədəfdir

Əgər keçmişdə Rusiya əsasən istilik və elektrik stansiyalarını vururdusa, indi hücumların coğrafiyası və məntiqi dəyişir. "Associated Press"-in məlumatına görə, yaydan bəri Rusiyanın dəmir yolu infrastrukturuna zərbələrinin sayı kəskin artıb - əvvəl həftədə bir dəfə baş verən hücumlar indi iki-üç dəfə təkrarlanır. Avqustdan bu yana artıq 300 zərbə qeydə alınıb.

Xüsusilə təhlükəli meyl fərdi lokomotivlərin hədəfə alınmasıdır. Dronların texnoloji təkmilləşdirilməsi Rusiya operatorlarına real vaxtda görüntü alaraq dəmir yolu qatarlarını izləməyə və dəqiq vurmağa imkan verir. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə relslər salamat qala bilər, amma "sadəcə onları hərəkətə gətirəcək lokomotivlər qalmaya bilər".

Qış yaxınlaşır, risklər artır

Avropa İttifaqının Kiyevdəki səfiri də xəbərdarlıq edir: qarşıdan gələn qış əvvəlkilərdən daha çətin ola bilər. Rusiyanın məqsədi təkcə elektrik kəsmək deyil, istehsalı, logistik əlaqələri və nəticə etibarilə Ukrayna iqtisadiyyatını iflic etməkdir. Ukrayna isə indi həm enerji, həm də nəqliyyat sistemlərini eyni anda müdafiə etməli olur. Bu isə təkcə cəbhə xətti yox, bütün ölkə üzrə "görünməyən müharibə"nin getdiyini göstərir.

Link kopyalandı!
Son xəbərlər