Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü yenidən Vaşinqtona gedəcək. “Axios”un məlumatına görə, Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə Kiyevə verilə biləcək yeni silah paketi, o cümlədən “Tomahawk” tipli uzaqmənzilli raketlərin ötürülməsi məsələsi müzakirə ediləcək. Bu ehtimal Belarus lideri Aleksandr Lukaşenkonun kəskin reaksiyasına səbəb olub. Lukaşenko bəyan edib ki, əgər ABŞ bu raketləri Ukraynaya versə, vəziyyət “nüvə müharibəsi həddinə” qədər gərginləşə bilər.
Bəs “Tomahawk” raketlərini bu qədər təhlükəli edən nədir və Vaşinqton həqiqətən belə bir addım ata bilərmi?
Hərbi eksperti Səxavət Məmməd Moderator.az-a açıqlamasında deyib ki, son günlər “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ciddi şəkildə müzakirə olunur. Onun sözlərinə görə, müharibədən əvvəl də Rusiya-ABŞ arasında bu raketlərlə bağlı gərginlik yaşanmışdı:
“Tomahawk” raketləri əslində gəmilərdən və sualtı qayıqlardan istifadə üçün nəzərdə tutulub, lakin ABŞ tərəfi onları qurudan da buraxmaq üçün sistemlər yaradıb. Belə sistemlərdən biri “Aegis Ashore”dur. ABŞ bu qurğular vasitəsilə “Tomahawk” ların qurudan istifadəsini təmin edib. 1987-ci ildə məlum raketlərin yayılmaması ilə bağlı müqavilə imzalanmışdı, lakin ABŞ sonradan həmin müqavilədən çıxdı. “Tomahawk” raketlərinin qurudan buraxılması üçün nəzərdə tutulmuş sistemlər Rumıniya, Polşa, Böyük Britaniya və ABŞ-da yerləşdirilib. Əgər raketlər Ukraynaya veriləcəksə, onlar ya Rumıniyadan, ya Polşadan, ya da Böyük Britaniyadan tədarük edilə bilər. “Tomahawk” raketlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar uzaqmənzilli və qanadlı raketlərdir, ciddi dağıntılara səbəb ola bilirlər. ABŞ tərəfi Ukraynadan söz almağa çalışır ki, bu raketlər yalnız hərbi obyektlərə qarşı istifadə olunsun. Bu məsələ hələ müzakirə mərhələsindədir və tətbiqi asan olmayacaq. Ümumilikdə görünən odur ki, ABŞ tərəfi raketlərin verilməsi niyyətindədir. Əgər bu baş verərsə, Rusiyanın da əlində kifayət qədər strateji silahlar var — “Sarmat”, “Avangard”, “Kalibr”, “Kinzhal”, “Oniks” və başqa sistemlər. Onlardan bəzilərindən indiyədək geniş istifadə edilməyib”.
Hərbi ekspert hesab edir ki, əgər “Tomahawk” raketləri Ukraynaya verilərsə, konflikt daha da dərinləşə və artıq qeyri-rəsmi şəkildə bu müharibəyə tərəflərin qoşulmasının açıq göstəricisi olacaq:
“NATO qeyri-rəsmi formada bu prosesə qoşulmuşdu. Bundan sonra müharibənin gedişi bir qədər dəyişəcək, fərqli istiqamətlərə yönələ bilər. “Tomahawk”ların verilməsi və bunun nəticəsində atılacaq addımları indidən demək asan deyil. Əhəmiyyətli olan veriləcək raketlərin sayıdır. İddialar var ki, ABŞ Ukraynaya 20–50 ədəd verilmək niyyətindədir. Cəbhə xəttinin uzunluğunu 1 000 kilometrdən çox olduğunu nəzərə alsaq, 50 raket Ukrayna üçün xüsusi fayda verməyəcək — bu çox azdır.
“Tomahawk” raketi ABŞ-ın 1983-cü ildən bəri qatıldığı müharibələrdə geniş istifadə olunub və indiyə qədər təxminən minə yaxın raket işə salınıb; ən son nümunələrdən biri Suriyada 100 raketin istifadəsi olub. Bu raketlər münaqişənin ümumi gedişatını köklü şəkildə dəyişməyəcək. və Rusiyanın payız qış kampaniyasını ləngidə bilər. Lakin müharibənin əsas gedişatı cəbhə xəttində həll olunur və bu gün elan olundu ki, Rusiya Ukraynanın üç ərazisini də işğal edib. Bu raketlər müharibənin nəticəsini təmamilə dəyişməyəcək. Əksinə, onların verilməsi münaqişəni daha da şiddətləndirə və ağırlaşdıracaq”.
Mehin Mehmanqızı