Dünya
280
14 Oct 2025 | 21:55

"Tramın "əbədi sülh" strategiyası: Qəzzadan sonra hədəf İrandır" - İsrail mətbuatı

"Trampın sülh təşəbbüsü və İranla danışıqlar perspektivi..."

ABŞ prezidenti Donalд Tramp Qəzzada saxlanılan son israilli girovların azad edilməsindən sonra Knessetdə çıxış edərək Yaxın Şərqdə "tarixi bir sübh"in başlandığını bəyan edib. Onun sözlərinə görə, bu yalnız müharibənin sonu deyil, "terror və ölüm dövrünün sonu"dur.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.

Avraam Sazişləri - sürətlə və "oyunsuz"

Müəllif əvvəlcə Trampdan iqtibas gətirib: "İsrail bizim köməyimizlə döyüş meydanında əldə edə biləcəyi hər şeyi əldə edib. İndi isə bu qələbələri sülh və rifahla tamamlamalıyıq", - Tramp bildirib. O, İslam ölkələrinə açıq mesaj göndərərək Avraam Sazişlərini "tez və oyunsuz" imzalamağa çağırıb. O, daha da irəli gedərək İranla bağlı deyib: "Əgər onlarla da sülh sazişi bağlasaq, möhtəşəm olmazmı?"

Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Şarm əl-Şeyxdə verdiyi bəyanatda isə Tramp Tehrana xəbərdarlıq edərək bildirib ki, İran sanksiyalara tab gətirə bilməyəcək: "Onlar yaralı və zəifdirlər. Köməyə ehtiyacları var. Mən onların yalnız danışıqlara oturduqları halda məmnuniyyətlə ləğv edərəm. Bu sanksiyalarla isə yaşaya bilməzlər".

"Kuşner kökə, İsrail qamçıdır"

Tramp İranla dialoqun necə aparılacağını da gizlətməyib. O, Knessetdə zarafatla, amma açıq mesajla deyib: "Biz hansısa razılaşma bağlamaq istəyəndə həmişə Caredi çağırırıq… Stiv, sən, Cared, general, Pit və Marko - siz bu sövdələşməni bağlayacaqsınız".

İsrailli-iranlı ekspert Beni Sabtinin sözləri ilə desək, "Cared kökədir, İsrail isə qamçı. Tramp İrana göstərir ki, yaxşı davransanız yumşaq yol var, yoxsa təzyiq və zərbələr sizi gözləyir". Məhz bu model - şəxsi əlaqələr, ticarət dili və Kuşnerin Körfəz ölkələrinə xüsusi çıxışı Avraam Sazişlərini və Qəzzada atəşkəsi mümkün edib.

Tehranla "söz dili" fərqlidir 

Lakin əsas sual budur: Tehran bu siqnalları Trampın düşündüyü kimi qəbul edirmi? Tramp dəfələrlə deyib ki, İran Qəzzada atəşkəs razılaşmasını "ürəkdən dəstəkləyib". Amma İran XİN-nin açıqlaması daha çox şərti dəstək olub: onlar yalnız fələstinlilərin qəbul etdiyi və İsrailin soyqırımına son qoyan sazişi dəstəkləyəcəklərini bildirib.

Üstəlik Tehran Trampın sülh çağırışını "ABŞ-ın faktiki davranışı ilə ziddiyyətli" adlandırıb: "Necə olur ki, sən sülhdən danışırsan, amma eyni anda yaşayış məhəllələrimizi, nüvə obyektlərimizi vurursan?"

İran xarici işlər naziri Abbas Arakçi daha sərt danışıb: "İran heçə vaxt uşaqları qətlə yetirən, soyqırım törədən işğalçı rejimi tanımayacaq". Tehran həmçinin Şarm əl-Şeyxdəki sammitə dəvəti rədd edib. Sabtinin fikrincə, bu həm İranın təcridini, həm də qürurunu göstərir - "onlar tabe göstərməkdənsə kənarda durub güclü görünməyi üstün tuturlar".

Nəticə aydındır: Tramp Qəzzadan sonra növbəti "böyük razılaşma"nı İranla bağlamağa hazırlaşır. Amma Tehran bu oyuna girəcəkmi - hələlik açıq deyil. Trampın dili "sövdələşmə", İranın dili isə "dirəniş"dir. Bu iki sözün nə vaxt eyni cümlədə birləşəcəyini isə zaman göstərəcək.

Müəllif: Aleksandra Appelberq

Link kopyalandı!
Son xəbərlər