Dünya
394
14 Oct 2025 | 19:55

"Rusiya və NATO arasında savaş Ukrayna savaşına bənzəməyəcək" - Rütte

"Rusiya real gücünə görə deyil, məsuliyyətsiz və nəzarətsiz davranışlarına görə təhlükəlidir..."

Son günlər NATO rəsmilərinin bəyanatları eyni istiqamətdə cəmləşir: Alyans Rusiya ilə hərbi qarşıdurmanın baş verməsini istəmir, lakin Moskva bu addımı atarsa, cavab misli görünməmiş dərəcədə sərt olacaq.

Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bəyan edib.

Mark Rütte parlament assambleyasında açıq şəkildə bildirib: "Əgər Rusiya o qədər axmaq olsa ki, NATO-ya hücum etsin, bu artıq açıq müharibə olacaq və bu müharibə indiki Rusiya-Ukrayna müharibəsinə bənzəməyəcək". Onun sözlərinə görə, fərqləri açıqlamaq düzgün deyil, çünki Kremlə informasiya üstünlüyü vermək istəmir,  lakin aydındır ki, bu qarşıdurma tamamilə başqa səviyyədə gedəcək.

"Kalininqrad və Sevastopol ilk saatlarda yox ediləcək"

Keçmiş amerikalı general Ben Hoces isə bu fərqi daha açıq izah edir: əgər Rusiya Polşa və ya başqa NATO ölkəsinə hücum etsə, "Kalininqrad bir neçə saatın içində xəritədən silinəcək. Eyni aqibət Sevastopolu da gözləyir". Hoces qeyd edir ki, NATO-nun hava və quru qüvvələrinin müdaxiləsi Rusiyanı ilk mərhələdə tam iflic edəcək.

General həmçinin Qərbin 2014-cü ildə Rusiya təcavüzünə lazımi sərtliklə cavab vermədiyini etiraf edir: "Biz illərlə danışdıq ki, bəlkə Putin nüvə silahı işlədəcək? Bəlkə danışıqlara keçək? Halbuki ilk gündən Ukraynaya hər şeyi versəydik, bu gün vəziyyət fərqli olardı".

"Rusiya təhlükəli güclü olduğu üçün yox, təhlükəli axmaq olduğu üçün qorxuludur"

ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Metyu Uitaker isə Rusiyanın əsas təhlükəsini daha dəqiq ifadə edir: "Hər gün bütün dünyaya sübut etməyə çalışırlar ki, onlar "ayı"dır. Amma ayılara ayı olduğunu sübut etməyə ehtiyac yoxdur, onlar sadəcə ayıdır".

Onun fikrincə, Rusiya real gücünə görə deyil, məsuliyyətsiz və nəzarətsiz davranışlarına görə təhlükəlidir. "O, 4 ilə Ukraynanın 20 faizini belə tuta bilmirsə, hansı supergücdən danışırıq?" -  diplomat bildirir. Uitakerin mesajı sadədir: Moskvanın gücündən yox, axmaqlığından ehtiyat etmək lazımdır. NATO buna hazırdır və əgər Kreml səhv addım atsa, cavab ani və dağıdıcı olacaq.

Qərb artıq açıq danışır: Rusiya NATO ilə müharibəni özü də bir neçə günə yox, bir neçə saata uduzacaq. Buna görə də bütün xəbərdarlıqlar Moskvanın ünvanınadır: "Sakit oturun və özünüzü "ayı" kimi aparmağa çalışmaqla aləmə gülünc olmayın". Alyans isə mesajını verib - müharibə istəmir, amma ona hazırdır.

Link kopyalandı!
Son xəbərlər