Argentinalı futbolçu Lionel Messi İspanıyada qalmaqalın mərkəzindədir. Belə ki, İbiza adasının yerli hökumət orqanları onun 2022-ci ildə 11 milyon avroya alınan dəbdəbəli villası ilə bağlı istintaqa başlayıblar.
Moderator.az bu barədə "A Bola" nəşrinə istinadən xəbər verir.
Daşınmaz əmlak adanın qorunan təbiət zonasında yerləşir, lakin qanunvericiliyə əsasən burada tikinti ciddi qaydalarla məhdudlaşdırılıb.
İspaniya mətbuatının məlumatına görə, villada yoxlama zamanı zirzəmi mərtəbəsində qaraj və əlavə otaqlar daxil olmaqla ilkin layihədə nəzərdə tutulmamış icazəsiz bölmələr aşkarlanıb. Bu pozuntulara görə bələdiyyə sertifikat verməkdən imtina edib, bu da villanı rəsmi olaraq tam yaşamaq üçün yararsız edib.
Qeyd olunub ki, Messi villada yaşamağa davam edir, çünki qeyri-qanuni elementlər əsas yaşayış məkanlarına toxunmur. Futbolçuya yaxın mənbələrin sözlərinə görə, bütün qanunsuz işlər əvvəlki mülkiyyətçi tərəfindən həyata keçirilib və nə Messi, nə də onun vəkili satınalma zamanı bu barədə məlumatlı olublar.
Lakin istintaq orqanları pozuntuları ciddi kimi təsnif edib və onların aradan qaldırılmasını tələb edirlər, əks halda villanı qismən sökülmə gözləyir.