Dünya
347
17:50, Bu gün

"Güc yolu ilə sülh" doktrinası: Vaşinqton danışıqlardan silah diplomatiyasına keçir" - "The New York Times"

"Tomahawk" raketləri Ukrayna müharibəsinin yeni mərhələsini başlada bilər..."

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin gələcəyini müəyyənləşdirə biləcək yeni strategiya formalaşdırır və bu strategiyanın mərkəzində bir silah - "Tomahawk" uzaqmənzilli raketlər dayanır.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Tramp Putini danışıqlar masasına zorla oturtmaq istəyir

Nəşr qeyd edir ki, elə bu addım Trampın özünün fəxrlə təqdim etdiyi "güc yolu ilə sülh" doktrinasının təzahürü kimi qiymətləndirilir. Nəşr yazır ki, Tramp Kiyevə "Tomahawk" raketləri verməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

Onun fikrincə, bu raketlər Rusiya diktatoru Vladimir Putinə göstərməlidir ki, ya kompromisə gələcək, ya da 2400 km radiusda bütün hərbi infrastrukturunu riskə atacaq. Tramp hətta bunu Putinə ünvanladığı birbaşa hədə ilə ifadə edib: "Əgər müharibə dayanmasa, mən "Tomahawk"ları göndərəcəyəm. Onlar bu raketlərin özlərinə doğru uçmasını istəyirlərmi? Sanmıram".

Kreml dərhal reaksiya verib və bu addımın "Vaşinqtonla münasibətləri qopara biləcəyini" bildirib. Ancaq diqqətçəkən odur ki, Putin və yüksək vəzifəli ruslar Trampın özünü birbaşa tənqid etməkdən çəkinir - görünür, hələ ona təsir etmək imkanını itirmək istəmirlər.

Qəzzadan Ukraynaya transfer edilən strategiya

"The Times" nəşri yazır ki, Tramp Yaxın Şərqdə tətbiq etdiyi "sülhə məcburetmə" metodunu indi Ukrayna cəbhəsində sınamağa hazırlaşır. Onun ideyası sadədir: əvvəl güc nümayişi, sonra danışıqlar. O, İsraildə çıxışı zamanı açıq deyib: "Sülh müqaviləsi imzalanmazdan əvvəl İsrail göstərməli idi ki, gücdən çəkinmir. İndi növbə Rusiyadadır".

Tramp iddia edir ki, o, əvvəllər düşündüyündən fərqli olaraq "müharibə həvəskarı deyil", əksinə, "müqavilə bağlamağı sevən insandır". Lakin müqaviləni də güc mövqeyindən bağlamağın tərəfdarıdır.

"Daha az danışıqlar, daha çox silah..."

"The New York Times" yazır ki, Kiyev Vaşinqtondakı havanı düzgün oxuyub və Trampın yanaşmasına uyğun hərəkət etməyə başlayıb. Əvvəllər diplomatik xəttə üstünlük verən Ukrayna artıq strategiyanı dəyişib: "daha az danışıqlar, daha çox silah".

Yüksək səviyyəli Ukrayna nümayəndə heyəti bu həftə Vaşinqtona gəlib və Zelenskinin şəxsən Ağ Evə gələrək "Tomahawk" da daxil olmaqla raket, hava hücumundan müdafiə və pilotsuz sistemlər üçün siyahı təqdim edəcəyi gözlənilir. Zelenski əvvəllər də bəyan edib ki, bu raketlərin alınması Putini masa arxasına oturtmağın yeganə real yoludur.

Trampın "sülh yolu" Ukraynada işləyəcəkmi?

Ekspertlər deyir ki, "Tomahawk"ların real təsiri hələ mübahisəlidir, çünki bu raketlər adətən gəmilərdən buraxılır, Ukraynanın isə həmin platformaları yoxdur. Amma bu silah hərbi vasitə qədər siyasi mesajdır: "Ya indi danış, ya da sabah hərbi zavodların partlayacaq".

Trampın strategiyası bir cümləyə sığır: Sülh istəyirsənsə, əvvəl gücünü göstər. Qəzzada bu, minlərlə insanın həyatına başa gəlib. İndi dünya nəfəsini tutub gözləyir: eyni ssenarinin növbəti ünvanı Ukrayna olacaq, yoxsa bu dəfə "güc nümayişi" müharibəni uzatmaq yox, dayandırmaq üçün işləyəcək?..

Link kopyalandı!
Son xəbərlər