Ərdoğandan tarixi qərar: Kimlər Türkiyədə
Dünya
655
11:50, Bu gün

Ərdoğandan tarixi qərar: Kimlər Türkiyədə "əcnəbi" sayılmayacaq? – Türkiyəli jurnalist detalları açıqladı

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti tarixi qərar imzalayıb. Türk soylular artıq vətəndaş kimi işləyə biləcək. Yeni sərəncama əsasən türk soylu əcnəbilər - yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım, Qaqauz kimi icmalardan olan şəxslər, Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Onlar həm dövlət, həm də özəl müəssisələrdə daha asanlıqla işləyə biləcəklər. 
 
Bu barədə Moderator.az-a danışan Dünya Türklük Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk soylu əcnəbilərin Türkiyədə ölkə vətəndaşları ilə eyni şərtlərlə işləməsinə imkan yaradan qərar imzalayıb.
 
Onun sözlərinə görə, yeni qaydalara əsasən, türk mənşəli əcnəbilər artıq iş icazəsi alaraq Türkiyədə türk vətəndaşları ilə eyni hüquqlardan istifadə edə biləcəklər:
"Bu hüquqdan yararlanmaq istəyən şəxslər aşağıdakı şərtləri yerinə yetirməlidirlər.
• Türkiyədə yaşayış icazəsinə sahib olmaq,
• Təhlükəsizlik baxımından hər hansı problem yaratmamaq,
• Peşəkar ixtisas və bacarıqlarını təsdiqləyən sənədlərin tanınması,
• Türk icmasına mənsub olduqlarını sübut edən sənəd təqdim etmək.
Qeyd olunan qayda “Rəsmi Qəzet”də dərc olunub.
Xatırladaq ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Prezident Ərdoğan “Dildə, fikirdə, işdə birlik” prinsipinin əhəmiyyətini vurğulamış və türk dövlətləri arasında nəqliyyat, enerji və ticarət sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etmişdi. Məhz qəbul edilən bu yeni qərar həmin TDT zirvəsindən sonra verilmiş addımdır”.
 
Selçuk Düzgün bu sammitlərin  keçirilməsinin öz bəhrəsini verdiyini və qəbul edilən qərarların real addımlarla həyata keçirildiyini vurğulayıb:
 
“Ümid edirik ki, bu kimi qərarlar gələcəkdə də davam edəcək və ölkələrimiz arasında inteqrasiya prosesi daha da sürətlənəcək. Bu qərar eyni zamanda Türk dünyasının işçi qüvvəsini daha da gücləndirəcək və beyin axınının qarşısını alacaq. Türklər peşə bacarıqlarını başqa ölkələrdə tətbiq edib həmin ölkələrin inkişafına töhfə verməkdənsə, artıq öz qanından olanların və hər bir türkün ikinci vətəni sayılan Türkiyə Cümhuriyyətində bu bacarıqlarını həyata keçirəcəklər. Bu isə “işdə birlik, fikirdə birlik” prinsipinin real həyatda əksini tapmasına şərait yaradacaq. Ümid edirik ki, bu qərar bütün soydaşlarımız və türklər üçün xeyirli olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər