Dünya
410
13 Oct 2025 | 22:57

"Sovet diplomatı, Madrid gözəli və iki imperiyanın oyunu" - "ABC" nəşri (İspaniya)

"Trianon" kod adlı casusun sevgisi, xəyanəti və ölümündən qırx il sonra açılan gizli gündəlik..."

Sevastopolda doğulan Aleksandr Oqorodnik heç vaxt nə qəhrəman olmaq arzusunda olub, nə də vətən xaini. O, sadəcə daha yaxşı həyat istəyən, azadlığı dadmaq eşqi ilə yaşayan istedadlı gənc olub.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "ABC.es" nəşri yazıb.

Moskvanın soyuq küçələrindən Oval kabinetə uzanan gizli marşrut

Nəşr qeyd edir ki, onu DTK-ya (Dövlət Təhlükəsizlik Komitəsi) gətirən də ideologiya yox, sərgüzəşt arzusu olub. Lakin taleyin istehzası ondadır ki, həmin arzusu onu yalnız ölkə sərhədlərinin yox, həm də vicdan sərhədlərinin kənarına çıxarıb. Moskvanın şaxtalı küçələrində titrəyən əllərinə baxan Aleksandr bilmirdi ki, sinəsindəki ağrılar, yuxusuz gecələr və saçlarının tökülməsi stres deyil - bunlar uğurlu casusun "ordenləri"dir. O, gecələr qaranlıq darvazaların altında gizli "tayniklər" axtarıb - elə yerlər ki, içindəki mikrofilmlər bir neçə gün sonra birbaşa Henri Kissincerin masasına qoyulacaqdı. Bu, sadəcə məlumat ötürmək deyildi, bu, Kremlin divarlarından Oval kabinetədək uzanan ölümcül ipək sap idi.

"Mənim atam kim olub?" - illərlə davam edən ailə yalanı

Bu hekayədə iki səs var: biri "Trianon" kod adlı casusun - DTK-dan MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) keçən diplomatın səsi, digəri isə onun qızı Aleksandra Suarezin - ömrü boyu komod üzərində dayanan yad kişinin şəklinə baxıb "Bu kimdir?" deyə düşünən bir uşağın səsidir. Anası ona deyirdi ki, atası gənc yaşında dünyasını dəyişən alman riyaziyyatçısı olub. O isə heç vaxt şübhələnməyib ki, əslində həmin "riyaziyyatçı" Sovet İttifaqının ən təhlükəli casuslarından biri idi. Onun adı arxivlərdə "xəyanətkar" kimi gedirdi, amma qızının gözündə o, sadəcə cavabsız qalan sual idi: "Niyə heç kim mənə həqiqəti deməyib?".

Oqorodnikin şəxsi gündəliyi, göndərilməyən məktubları və Aleksandranın illər sonra verdiyi müsahibələr bu hekayənin kilidini açır. O, əslində yalnız casus yox, həm də idealları ilə gerçək həyat arasında sıxılmış bir insan idi. Stalin arxivlərini oxuyandan sonra kommunizmə olan inamı sarsılmış, Latın Amerikasında partiya yoldaşlarının bir-birinə donos yazmasını görəndə isə başa düşmüşdü - bu sistemdə vicdan ikinci dərəcəli, sədaqət isə birinci dərəcəlidir. O isə ikisindən birini seçməyə məcbur oldu.

Pilarla tanışlıq - sadəcə məhəbbət, yoxsa MKİ  əməliyyatı?

Kino ssenarisini xatırladan səhnə: Boqotada qapalı ziyafət, qırmızı geyimdə ispan model, kənarda tək dayanmış rus diplomatı. Her şey ilk baxışdan başlayıb. Pilar Suarez özünü ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi təqdim edib, amma bunu yalnız o deyib. Əslində isə bu görüş artıq MKİ tərəfindən planlaşdırılıb, Oqorodnik çoxdan izlənilib. Onların ilk öpüşündən çox əvvəl Vaşinqtonda artıq müzakirə gedib: "Bu diplomat potensial qızıl mənbədir". Kod adı "Trianon" da elə həmin ərəfədə verilib. Və qəribədir, bu ruletka oyununun qalibi ilk baxışda məhəbbət olub. Aleksandr sevgisinə inanıb, MKİ isə onun sevgisindən istifadə edib.

İstanbul hamamında verilən and

Ən absurd məqam isə budur ki, bu qədər taleyüklü qərar - tarix kitablarına düşəcək xəyanət lüks otelin türk hamamında, iki tərli kişinin üzərinə sarınmış sadəcə dəsmallarla baş verib. Ona gizli kameralar, şifrələr, tayniklərin xəritəsi verilib. Amma heç kim deməyib ki, bu yolun sonunda azadlıq yox, ölüm var. O isə inanmaq istəyib ki, sevgi ilə Qərbə qaçacaq, Pilarla Fransada, İspaniyada, bəlkə də Kolumbiyada yeni həyat quracaq. Həmin sevgi isə çoxdan nəzarət altına alınıb.

"Xəyanətkarlar hər zaman pis sonluq yaşayır" - Putin haqlıdırmı?

Trianonu yaxaladıqda, DTK zabitləri onun evinə soxulub alt paltarına qədər soyundurub ki, gizli cihaz olub-olmadığını yoxlasınlar. Bu, sadəcə axtarış deyildi, bu ritual idi. Dövlət ona göstərirdi ki, "Sən indi artıq bizə yox, bədəninə belə sahib deyilsən". O, kağız istədi - guya etiraf yazacaq. Amma əvəzində dilinin altında gizlənmiş sianid kapsulunu dişləri ilə sındırdı. Ölüm bir dəqiqədən az çəkdi. Putin vaxtilə deyib: "Rusiyanı satanların sonu həmişə eyni olur". Bəlkə bu, doğrudur. Amma bu hekayədə bir sual açıq qalır: Əgər dövlət səni aldatdısa, sən kimi satmış olursan - Vətənini, yoxsa onu oğurlayanları?

Hekayənin sonu, yoxsa başlanğıcı?

İllər sonra Piların qızı Aleksandra Rusiya telekanallarının efirinə çıxıb atasını müdafiə edərkən artıq casusların döyüşü bitmiş, amma tarix bitməmişdi. O, deyib: "Atam Rusiyanı satmayıb. O, sadəcə ədalətsizliyə meydan oxuyub". Və indi o, atasının ailəsini tapmaq üçün yenidən Moskvaya gəlməyə hazırdır. Hətta Putinə müraciət etməyə belə. Bəlkə də bu dəfə DTK yox, vicdan qalib gələr.

Link kopyalandı!
Son xəbərlər