Dünya
228
16:20, Bu gün

"Putinin zəif nöqtəsinə zərbə: Ukraynanın yeni müharibə konsepsiyası" - "The New York Times"

"Dron savaşından iqtisadi blokadaya..."

Ukraynanın ucqar kəndlərində gecənin qaranlığında 7 metrlik qanadlara malik, 50 kiloqramlıq döyüş yükü daşıyan dronlar səssizcə Rusiya istiqamətinə buraxılır. Komandir "Kas­per" sadəcə belə deyir: "Səhər oxuyacaqsınız ki, bir neftayırma zavodu yanır".

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşrin reportyorlarına bu tabora nadir giriş imkanı verilib, amma hətta yerləşdikləri bölgə belə gizli saxlanılıb. Çünki onların koordinatları üzə çıxsa, bir neçə dəqiqəyə rus ballistik raketi orada ola bilər.

Niyə məhz neftayırma zavodları?

Kiyev artıq klassik cəbhə döyüşlərindən çox, iqtisadi damarları hədəfə alır. Məqsəd tankları vurmaq deyil, rusiyalıların həyat ritmini pozmaqdır. Ukraynalı dronlar və raketlər hazırda Rusiyanın təxminən 20 faiz emal gücünə bərabər zavodlara zərər vurub.

Bunun nəticəsi isə açıq görünür: ölkənin bir çox regionunda benzin qıtlığı, 40 faizlik qiymət artımı, yanacaqdoldurma məntəqələrində limit (cəmi 20 litr) və bəzi yerlərdə ümumiyyətlə benzin yoxdur, yalnız dizel var.

İqtisadçı Vladislav İnozemtsev qeyd edir ki, tank zavodu on günə bərpa edilə bilər, "amma neftayırma zavodu o müddətdə də yanmağa davam edir". Üstəlik, avadanlıq idxalı qadağalar səbəbindən mümkün deyil, bu isə təmiri illərlə uzada bilər.

Moskvanın cavabı və dilemması

Rusiya çoxdan daha böyük dron sənayesini işə salıb və Ukraynanın şəhərlərini, yaşayış massivlərini ard-arda vurur. Amma bu dəfə vəziyyət fərqlidir: əziyyəti sıravi rusiyalılar da hiss edir. Kreml istər-istəməz ictimai rəy haqqında düşünməyə məcburdur. Üstəlik, orduya yanacaq çatdırılması prioritetdir, yəni mülki sektor daha çox əziyyət çəkir. Moskva məcbur olub, hətta yanacaq bahalansa belə, zavodlara milyardlıq subsidiya ayırır.

"Məcbur etməyincə dayanmayacaqlar"

Ukraynalı rəsmilər açıq deyirlər: Putin yalnız ciddi iqtisadi ağrı hiss etsə, danışıqlar masasına otura bilər. Ənənəvi hücum yolu bağlanıb, cəbhə xətti donub. Ona görə Ukrayna artıq daha cəsarətli plan irəli sürüb - "Flamingo" adlı yeni silahla Ural dağlarına qədər hədəflərə zərbə endirmək niyyətindədir.

Bu taktika təkcə Moskvaya deyil, Vaşinqtona da siqnaldır. Kiyev Trampa göstərmək istəyir ki, hansısa güzəşt istəniləndə Ukraynanın əlində real təzyiq aləti var. Donald Tramp özü də bu metodu açıq şəkildə dəstəkləyib: "İşğalçı ölkəyə zərbə vurmadıqca müharibə qazanmaq mümkün deyil".

Strateji risklər və yeni mərhələ

Ukraynanın dron alayları könüllülərlə doludur, istehsal artır, problem texnika deyil, maliyyədir. "Kas­per" deyir: "Əgər bizə bir neçə milyard dollar da versəydilər, müharibənin gedişi dərhal dəyişərdi". Amma sual budur: bu strategiya eskalasiyaya gətirib çıxarmadan Kremlə "yetər" dedirdə biləcəkmi? Yoxsa əksinə , Moskvanı daha sərt cavaba vadar edəcək?..

Link kopyalandı!
Son xəbərlər