Şarm əl-Şeyx sammitinin pərdəarxası: İsrail, İran və Həmas niyə danışıqlardan kənarda qaldı?
Dünya
138
11:20, Bu gün

Şarm əl-Şeyx sammitinin pərdəarxası: İsrail, İran və Həmas niyə danışıqlardan kənarda qaldı?

Bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş beynəlxalq sülh sammiti keçiriləcək. Tədbirə ən azı 20 ölkədən yüksək səviyyəli nümayəndələrin qatılması gözlənilir. Diqqətçəkən məqam odur ki, İsrail, İran və Həmas toplantıya qatılmaqdan imtina edib. Tərəflərin sammitdən kənarda qalmasının səbəbi nədir?
Moderator.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri ,siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş beynəlxalq sülh sammitinə İsrail, İran və Həmas-ın qatılmaması tərəflər arasında diplomatik münasibətlərin olmaması ilə bağlıdır:
 
“Hətta bundan əvvəl Qahirədə keçirilmiş İsrail–Həmas görüşü belə  birbaşa deyil, Qətərin vasitəçiliyi ilə reallaşmışdı. Eləcə də, İran İsrailin iştirak etdiyi tədbirdə yer almaq istəmir, İsrail isə eyni salonda İran və Həmas nümayəndələrinin olmasını qəbul etmir”.
 
Siyasi şərhçi əlavə edib ki, İranın sammitə qatılmamasının digər mühüm səbəbi tədbirə ABŞ prezidenti Donald Trampın sədrlik etməsidir:
 
“Trampın Qəzza planı – yəni atəşkəsin bərpası və girovların dəyişdirilməsi təşəbbüsü həm İsrail, həm də Həmas tərəfindən qəbul edilib. İran isə ABŞ-ın rəhbərliyi ilə keçirilən toplantıda iştirak etməklə özünü məğlub tərəf və ya Həmas-ın havadarı kimi göstərmək istəmir. Bu, həm siyasi, həm də mənəvi məsələdir. Tehran hakimiyyəti Tramp planının həm region dövlətləri, həm də dünya gücləri tərəfindən qəbul olunmasını siyasi və mənəvi məğlubiyyət kimi dəyərləndirir. İran artıq regionda təsir imkanlarını itirib, xüsusilə də proksi  qüvvələrindən məhrum olub. Buna görə də bu sammitdə iştirak etməmək Tehranın özünə qarşı təslimçilik görüntüsü yaratmamaq cəhdidir”.
 
Siyasi şərhçi Qəzzada əldə olunan razılaşmanın davamlılığı məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, sammitdə təmsil olunan ölkələrin tərkibinə diqqət yetirməklə belə, prosesin istiqamətini anlamaq mümkündür:
 
 “Həm Həmas-ı indiyədək dəstəkləmiş, həm də İsraili müdafiə etmiş dövlətlər bu dəfə eyni masa arxasında toplaşıblar. Bu o deməkdir ki,  onlar birlikdə sülh sazişini və regionda sülhün olmasını dəstəkləyirlər. Həmin ölkələr Həmas-ı  hərbi  cəhətdən müdafiə etmirlər və onun tərk-silah olunmasının   tərəfdarıdırlar. Odur ki, bu dəfə regionda sülhün daha davamlı olacağı ehtimalı yüksəkdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər