Ukrayna Niderlanddan daha bir "Alkmaar" tipli minaəleyhinə gəmi alıb və hazırda ekipajın hazırlanması prosesi gedir.
Moderator.az-ın məlumatına görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Aleksey Neijpapa bazar günü "Facebook"da məlumat verib.
"Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperlə birlikdə Niderlandın müdafiə naziri Ruben Brekelmans və Silahlı Qüvvələrin baş komandanı general Onno Ayxelsxeymin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmək şərəfinə nail olduq... Yaxın vaxtlarda tərəfdaşlarımızdan "Alkmaar" tipli minaəleyhinə gəmi aldıq, ilin sonuna qədər daha birinin verilməsini gözləyirik. Ekipajın hazırlanması artıq başlayıb", – deyə o yazıb.
Neijpapa Niderlanda "Ukraynaya göstərilən əhəmiyyətli səylərə və səmərəli əməkdaşlığa" görə təşəkkürünü bildirib.
"Militarnyi"nin yazdığına görə, "Alkmaar" tipli mina təmizləyici gəmilər Belçika, Fransa və Niderlandın maraqları əsasında Fransanın "Circé" tipli gəmilərinin bazasında birgə hazırlanıb. Bu gəmilər yalnız minaları aşkar edib zərərsizləşdirmək deyil, həm də yük və sursatların daşınması üçün logistik gəmi kimi istifadə oluna bilər.
İyunda Niderland və Belçika Ukraynaya "Zr.Ms Vlaardingen" və "BNS Narcis" adlı iki minaəleyhinə gəmi təhvil verib. Həmin vaxt Brekelmans "Zr.Ms. Makkum" gəmisinin 2025-ci ilin sonunda verilməsini də elan etmişdi.