"Dünyanın harasında ədalət axtaran, zülmə məruz qalan varsa, Türkiyə üçün sərhəd anlayışı yoxdur.. "
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edərək Qəzzada atəşkəs barədə əldə olunan razılaşmanı "ümidverici addım" adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, bu razılaşma yalnız sülhə aparan yolun başlanğıcıdır və "Türkiyə hər bir təşəbbüsü dəstəkləyəcək, yetər ki, Qəzzada iki ildir davam edən qırğın və soyqırım birdəfəlik dayansın".
Ərdoğan ABŞ prezidenti Donald Trampa, həmçinin Misir və Qətər liderlərinə vasitəçilik dəstəklərinə görə təşəkkür edib. O, xüsusilə HƏMAS-ın "müdriklik göstərərək sülhə hazır olduğunu" vurğulayıb və əlavə edib:
"Unutmayın ki, Türkiyə öz ərazisindəm daha böyükdür. 783 min kvadrat kilometrə sığışmayan bir nüfuza, söz gücünə və missiyaya sahibdir". Onun sözlərinə görə, dünyanın harasında ədalət axtaran, zülmə məruz qalan varsa, Türkiyə üçün sərhəd anlayışı yoxdur.
"İsrail imza atdığı öhdəliyə cavab verməlidir"
Ərdoğan bildirib ki, atəşkəs anlaşmasının geri dönüşü olmamalıdır. Onun fikrincə, İsrail öz üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməli və "regional sabitliyi, eləcə də öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətə son qoymalıdır".
Türkiyə lideri iki dövlətli həllin "yeganə real çıxış yolu" olduğunu xatırladaraq qeyd edib ki, bu model təkcə müsəlmanlar üçün deyil, xristian və yəhudilər üçün də ən ədalətli formul kimi qalır. Zalda "Prezident, bizi Qəzzaya aparın!" səsləri yüksələndə Ərdoğan gülümsəyərək cavab verib: "Əvvəlcə mən gedəcəm Qəzzaya, sonra siz".
Regional liderlik və daxili məqamlar
Çıxışı zamanı Ərdoğan Türkiyənin eyni vaxtda həm daxildə bahalıq və terrorla mübarizə apardığını, həm də xaricdə diplomatik gücünü artırdığını deyib. O, Mərkəzi Bankın ehtiyatlarının 183 milyard dollara çatdığını vurğulayaraq, Qəzza məsələsində Türkiyənin həm "meydanda", həm də "masa arxasında" güclü şəkildə təmsil olunduğunu bildirib. "Ədalətli dünyada heç kim uduzmur", - deyə nəticə çıxaran Ərdoğan Türkiyənin sabah da eyni prinsipial mövqedən çıxış edəcəyini vəd edib.