"Bu həftə ərzində Ukraynanın bir çox bölgəsi rus hərbi qüvvələrinin atəşinə məruz qalıb, hazırda bir çox yerlərdə dron hücumu təhlükəsi səbəbindən hava həyəcanı elan olunub".
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
O bildirib ki, Rusiya şəhərlərə və enerji infrastrukturuna qarşı hücumlarını gücləndirir:
"Hücumlar nəticəsində hər gün mülki şəxslər həlak olur. Xüsusilə, ötən gün Kostyantınivkada uşaq bir ibadət evində aviabomba nəticəsində həyatını itirib. Cəmi bu həftə ərzində Ukraynaya 3 100-dən çox dron, 92 raket və təxminən 1 360 KAB silahı atılıb".
Zelenski qeyd edib ki, ölkənin xidmət orqanları zərər çəkmiş ərazilərdə təcili bərpa işlərini aparır, vətəndaşlara yardım göstərir. Rusiya hücumları artırmaq üçün Yaxın Şərqdə sülhə yönələn diqqətdən istifadə edir. Prezident vurğulayıb ki, sanksiyalar və digər təzyiqlər saxlanılmalı, Avropada uzunmüddətli sülh üçün tədbirlər davam etməlidir.
Zelenski həmçinin dünya ictimaiyyətinə və humanitar dəstək verən hər kəsə təşəkkür edib.