Dünya
802
13:15, Bu gün

"Ukraynada enerji müharibəsi: dronlar şəhərləri işıqsız, insanları evsiz qoyur" - "Azadlıq Radiosu"

"Odessadan Xarkova qədər mülki infrastruktur hədəfə alınır, Donetsk və Qorlovkada əks atəş xəbərləri gəlir..."

Rusiya ordusu ardıcıl iki gecə ərzində Odessaya kütləvi dron hücumları həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Odessa və Donetsk: işıq kəsilir, həyat dayanır

Məlumatda deyilir ki, xüsusilə Belqorod-Dnestr rayonunda enerji infrastrukturu sıradan çıxıb, istirahət bazasının yeməkxanası və iki mərtəbəli inzibati bina dağılıb, işləməyən mehmanxana binası zədələnib.

34 yaşlı bir qadın yaralanaraq xəstəxanaya yerləşdirilib. Rayon administrasiyasının binasında şüşələr qırılıb, bəzi ərazilərdə həm elektrik, həm də su təchizatı kəsilib. Kommunal xidmətlər təcili təmir işlərinə başlayıb, lakin bərpa müddəti məlum deyil.

Donetsk vilayətində də vəziyyət fərqli deyil. Gecə saatlarında Rusiya tərəfi enerji obyektlərinə növbəti zərbələr endirib və bütün region işıqsız qalıb. İlkin məlumata görə, bərpa işləri başlayıb, lakin ziyanın miqyası hələ dəqiq deyil. Əhalinin ehtiyacları üçün "Sarsılmazlıq məbtəqələri" açılıb.

Xarkov vilayətində məktəblər hədəfə çevrilir

Xarkov vilayətində Çuquyev şəhəri ikinci gecədir ki, dron hücumlarına məruz qalır. Bu dəfə zərbə birbaşa təhsil müəssisəsinə - yeni lisey binasına endirilib. Binanın yuxarı mərtəbələri dağılıb, yaxınlıqdakı yaşayış evlərinin damları və pəncərələri parçalanıb.

Beş nəfər, o cümlədən 11 yaşlı bir qız yaralanıb, hamısında güclü stress reaksiyası qeydə alınıb. İçəridə şagird və müəllim olmaması böyük faciənin qarşısını alıb. Eyni gecə Şevçenkovo qəsəbəsində oxşar hücum baş verib - orada da məktəb binasında yanğın çıxıb, lakin xilasedicilər zamanında müdaxilə edə bilib.

Hər tərəfdən mülki əhali əziyyət çəkir

Ukrayna rəsmiləri bildirir ki, son 24 saat ərzində ölkə ərazisinə 118 pilotsuz aparat buraxılıb, onlardan 103-ü vurulsa da, 15-i hədəfə çatıb. Eyni zamanda Rusiya tərəfi əks istiqamətdən zərbələrin olduğunu iddia edir. Donetskin Qorlovka şəhərində ukraynalı dronun marşrut avtobusunu vurduğu, nəticədə 5 nəfərin yaralandığı bildirilir. Yaralılar arasında xəstəxana cərrahının ayaq və əlini itirdiyi deyilir.

Təkcə cəbhə xətti deyil, həyatın özü vurulur

Əgər əvvəllər döyüşlər daha çox cəbhə xəttində aparılırdısa, indi münaqişə birbaşa insanların gündəlik həyatına zərbə vurur. Artıq hədəflər tank və bazalar deyil, məktəblər, xəstəxanalar, elektrik stansiyaları və avtobuslardır. Bu isə müharibənin klassik hərbi toqquşmadan çıxaraq enerji və sosial infrastruktur müharibəsinə çevrildiyini göstərir.

Link kopyalandı!
Son xəbərlər