Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin “The New York Times” (NYT) qəzeti ölkənin Müdafiə Nazirliyinin (Pentaqonun) jurnalistlər üçün müəyyən etdiyi yeni akkreditasiya qaydalarına qoşulmaqdan imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə qəzetin Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson məlumat verib.
O bildirib ki, bu qərar Pentaqonun yeni media siyasətində adi xəbərlər üçün məlumat toplayan jurnalistlərə qarşı cəza tədbirləri nəzərdə tutduğu üçün qəbul edilib. Stivenson bunun ABŞ Konstitusiyasının söz azadlığını təmin edən Birinci düzəlişinə zidd olduğunu vurğulayıb.
“Cəmiyyətin hüququ var ki, hər il xərcləri təxminən 1 trilyon dollara başa gələn Müdafiə Nazirliyinin nə işlə məşğul olduğunu bilsin”, – deyə Stivenson qeyd edib.
“The New York Times” oktyabrın 10-da yaydığı açıqlamada Pentaqon rəhbəri Pit Heqsetin addımlarını mətbuata düşmənçilik kimi qiymətləndirib. Qəzetin məlumatına görə, Heqsetin rəhbərliyi altında Pentaqon bir sıra böyük milli mediadan nümayəndələri uzaqlaşdıraraq onların yerini mühafizəkar nəşrlərin jurnalistlərinə verib, reportyorların binada sərbəst hərəkət imkanlarını məhdudlaşdırıb və press kartlarının ləğvinə səbəb ola biləcək sərt qaydalar tətbiq edib. /Teleqraf/