"Bu, riyakar və əvvəlcədən hesablanmış terror aktıdır..."
10 oktyabr gecəsi Rusiya Kiyevə yüzlərlə dron və raketlə hücum edib. Bu, müharibə başlayandan bəri paytaxtın enerji sisteminə qarşı edilən ən kütləvi zərbə sayılır.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, şəhərin bir hissəsi işıqsız və susuz qalsa da, ekspertlər bildirir ki, hazırlıq tədbirləri olmasaydı, nəticələr qat-qat ağır olacaqdı.
Enerji tədqiqatları mərkəzinin rəhbəri Aleksandr Xarçenko siyasətçilərin "transformatorlar müdafiəsiz olub" iddiasını təkzib edib. Onun sözlərinə görə, Kiyevdəki istilik-elektrik stansiyaları əvvəlcədən möhkəmləndirilib və hava hücumundan müdafiə sistemləri gecə boyu maksimal gücdə işləyib.
Xarçenko hesab edir ki, bu müdafiə olmasaydı, İES-lər tamamilə dağıdılacaqdı. O, günün sonuna qədər elektrik və suyun bərpa olunacağını da qeyd edib.
Zaporojyedə ailə faciəsi
Eyni gecə Zaporojyedə baş verən hücum daha dəhşətli nəticə verib. Özəl yaşayış sektoruna düşən zərbə nəticəsində 7 yaşlı oğlan uşağı həlak olub. Onun atası üç il rus əsirliyində qaldıqdan sonra bu yaz azadlığa buraxılıb və ailəsi ilə birlikdə yeni ev alıb. İndi həmin ev tamamilə dağılıb, kişi ağır vəziyyətdə reanimasiyadadır, ana isə orta ağır vəziyyətdədir. Qohumlar deyir: "Üç il əsirlikdə qaldı ki, gəlib öz evində ölsün? Uşağı xilas edə bilmədilər".
Zelenskidən Qərbə çağırış
Prezident Vladimir Zelenski hücumu "riyakar və əvvəlcədən hesablanmış terror aktı" adlandırıb. Onun sözlərinə görə, ölkə üzrə 20-dən çox yaralı var və bir çox vilayətlərdə elektrik təchizatı kəsilib. Zelenski Qərb ölkələrinə müraciət edərək "boş bəyanatlar yox, real hava hücumundan müdafiə sistemləri" tələb edib.